30 aprel tarixində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaranmasının 27-ci ildönümü münasibətilə “Sədaqətim Şərəfimdir” adlı tədbir keçirilib.
Turkutan.az xəbər verir ki, tədbir Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları ictimai birliyi ilə Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə XTQ mənsubları və gənclər iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bakı Gənclər Mərkəzinin direktor müavini Kənan Şərifov qonaqları salamlayaraq, XTQ-nin yaranma günü münasibətilə qaziləri təbrik edib.
Ardınca Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları ictimai birliyinin sədri Bəhruz Məmmədzadə çıxış edərək XTQ-nin yaranma tarixi, keçdiyi inkişaf yolu və qazandığı uğurlar barədə məlumat verib.
Tədbir panel müzakirələri ilə davam edib. XTQ mənsubları gənclərlə görüşərək döyüş təcrübələrini bölüşüb, onların suallarını cavablandırıblar.
Sonda iştirakçılara “Sədaqətim Şərəfimdir” adlı sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

XTQ-nin yaranmasının 27-ci ildönümü
