Ramazan ayı başlayır: Niyyət axşamı nə edilir?


Bu gün ramazan ayının niyyət axşamıdır.

İslam dininə görə, gün məğrib azanından sonra başlayır. Ona görə də məğrib namazından sonra sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman 12 ayın sultanı ramazan ayına başlamış olur.

Niyyəti həm hər bir ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar.

Niyyət belə edilir (bütün Ramazan ayı üçün): "Bir ay ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah". Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.

Hər gün üçün niyyət belə edilir: "Sabah üçün ramazan orucu tuturam, vacib qürbətən iləllah". Belə niyyət edilirsə, o zaman niyyət hər axşam sabahkı gün üçün olmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Hilalın (təzə Ayın) fevralın 18-də məğrib namazı ərəfəsində görünəcəyinə görə ramazan ayının 1-i miladi təqvimlə 19 fevral 2026-ci il tarixinə təsadüf edəcək.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı təqvimə əsasən, Qədr gecələri martın 8-dən 9-na keçən gecə, 10-dan 11-nə keçən gecə, 12-dən 13-nə keçən gecə və 16-dan 17-nə keçən gecə qeyd olunacaq.

Təqvimə görə, Ramazan bayramı martın 20-nə təsadüf edəcək. Azərbaycanda bayram martın 20-də və 21-də qeyd olunacaq./oxu.az


MANŞET XƏBƏRLƏRİ