Dr. Şəhla Aslan,
Türkiyənin Qazi Universitetinin müəllimi
20 Yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə təkcə dərin ağrı və matəm günü kimi deyil, eyni zamanda bir millətin azadlıq iradəsinin qanla sınağa çəkildiyi gün kimi həkk olundu. Həmin gecə Bakı küçələrində axıdılan qan yalnız günahsız insanların canını almadı, sovet sisteminin çürük mahiyyətini də bütün çılpaqlığı ilə üzə çıxardı. “Qanlı Yanvar” adlanan bu faciə Azərbaycanın müstəqillik yolunda ödədiyi ən ağır bədəllərdən biri oldu…
1980-ci illərin sonlarında Azərbaycanda milli oyanış dalğası sürətlə güclənirdi. Xalq öz taleyini müəyyənləşdirmək, ərazi bütövlüyünü qorumaq və illərlə məruz qaldığı ədalətsizliklərə qarşı səsini ucaldırmaq üçün meydanlara çıxırdı. Dağlıq Qarabağ məsələsi ətrafında baş verən hadisələr və Moskva rəhbərliyinin ikili standartlara əsaslanan siyasəti cəmiyyətdəki qəzəb və qətiyyəti daha da artırmışdı. Lakin bu haqlı tələblər sovet rəhbərliyi tərəfindən təhlükə kimi qiymətləndirildi.
Çıxış yolu dialoq deyil, silah oldu. 19 yanvardan 20 yanvara keçən gecə sovet ordusu Bakıya yeridildi. Tanklar küçələri tapdaladı, güllələr silahsız dinc sakinlərə tuşlandı. Qadınlar, uşaqlar, qocalar… Heç kim hədəf olmaqdan xilas olmadı. Rəsmi rəqəmlərə görə 147 nəfər həlak oldu, yüzlərlə insan yaralandı və itkin düşdü. O gecə Azərbaycan azadlıq yoluna şəhidlərinin qanı ilə imza atdı.
Lakin bu vəhşilik Azərbaycan xalqını sındırmadı. Əksinə, milli birlik və müqavimət ruhunu daha da möhkəmləndirdi. 20 Yanvar müstəqillik mübarizəsində geri dönüşü olmayan bir mərhələyə çevrildi. Bu həqiqəti dünyaya hayqıran ilk şəxs isə Ulu Öndər Heydər Əliyev oldu. Hadisələrin ən qızğın çağında Moskvada verdiyi cəsarətli bəyanatla qətliamı açıq şəkildə pislədi, bunun insanlığa qarşı cinayət olduğunu bəyan etdi. Sonralar Naxçıvanda və müstəqil Azərbaycan dövründə atılan addımlar bu faciəyə siyasi və hüquqi qiymət verdi.
Bu gün 20 Yanvar şəhidləri Azərbaycanda dərin ehtiramla anılır. Şəhidlər Xiyabanına axışan insanlar təkcə yas tutmur, həm də bir mövqe nümayiş etdirirlər. Çünki o şəhidlər azad dövlətin təməl daşlarıdır.
İllər göstərdi ki, 20 Yanvarda ortaya qoyulan iradə yarımçıq qalmadı. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi bu iradənin qələbə ilə taclandığı tarix oldu. Bir zamanlar tankların qarşısına yalın əllərlə çıxan xalq bu dəfə güclü dövlət və müasir ordu ilə tarix yazdı. İşğal altında olan torpaqların azad edilməsi 20 Yanvarda canından keçənlərin ruhunu şad etdi.
Bu tarixi prosesin tamamlanmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi xüsusi yer tutur. İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini təkcə anım mərasimlərində deyil, dövlətin strateji duruşunda və qətiyyətli siyasətində də yaşatdı. Onun “20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı” sözləri həm tarixi ədalətin bərpasının, həm də milli iradənin güclü ifadəsidir. Güclü dövlət konsepsiyası, müasir ordu quruculuğu və qətiyyətli siyasi iradə sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı; ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.
Bu gün Qarabağda dalğalanan üçrəngli bayraq, həyata keçirilən yenidənqurma və Böyük Qayıdış layihələri həmin liderliyin real nəticələridir. Görülən işlər təkcə şəhərləri deyil, illərlə yarımçıq qalan ümidləri də dirçəldir. Beləliklə, 20 Yanvarda başlanan azadlıq mübarizəsi İlham Əliyev dövründə davamlı dövlət uğuruna çevrilmişdir.
Bu gün gəlinən mərhələdə 20 Yanvar Azərbaycan xalqı üçün yalnız keçmişin acısı deyil; bu günü anlamlandıran və sabahı formalaşdıran tarixi irsdir. Qarabağda ucaldılan hər bina, geri dönən hər ailə və dalğalanan Azərbaycan bayrağı 20 Yanvarda göstərilən mübarizənin bugünkü təcəssümüdür. Bu həqiqət Azərbaycan xalqının heç vaxt boyun əymədiyini və öz taleyini daim öz iradəsi ilə müəyyən etdiyini bütün dünyaya bir daha bəyan edir.