Rusiya: Biz heç vaxt NATO-nun Ukraynada yerləşdirilməsini təsdiqləməyəcəyik


Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya heç vaxt NATO qoşunlarının Ukraynaya yerləşdirilməsini, hətta sözdə “Könüllülər Koalisiyası” çərçivəsində belə, qəbul etməyəcək.

Turkustan.az xəbər verir ki, Ryabkov bu fikirləri ABC News-a verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın Ukraynada sülhə nail olmaq planını şərh edərkən səsləndirib.

O qeyd edib ki, ABŞ ilə Kiyev arasında aparılan danışıqların nəticələri barədə hazırda heç bir məlumata malik deyillər və Vaşinqtondan daha ətraflı izahat gözləyirlər.

“Lakin biz heç vaxt NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsinə və ya orada mövcudluğuna dair razılığa gəlməyəcəyik və bunu təsdiqləməyəcəyik”, – deyə Ryabkov vurğulayıb.

Rusiyanın Avropa ölkələrinin “Könüllülər Koalisiyası” çərçivəsində Ukraynaya qoşun göndərməsinə razı olub-olmayacağı ilə bağlı suala cavab verən Ryabkov bildirib: “Xeyr. Könüllülər Koalisiyası NATO ilə eyni mahiyyət daşıyır. Hətta bu daha da təhlükəli ola bilər, çünki belə bir mexanizm NATO-nun standart prosedurları olmadan da tətbiq edilə bilər.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ