“Stadionun ərazisini Mübariz Mənsimovun qardaşından almışam” – Qiymət açıqlandı


Xəbər verdiyimiz kimi, Masallıda yerləşən Anatoli Banişevski adına stadionun ərazisi yerli iş adamı Səxavəddin Sadıxov tərəfindən satın alınıb.

Teleqraf-a danışan Səxavəddin Sadıxov ərazini torpaq sahəsi kimi aldığını bildirib:

“Stadion dövlət əmlakı sayılır, stadion satıla bilməz. Amma mən oranı torpaq ərazisi kimi almışam. Elə o vaxtdan da ərazini idmançıların sərəncamına vermişəm. Həmin gündən indiyədək əlimdən gələni etmişəm, bacardığım qədər uşaqlara maddi dəstək də göstərirəm. Mənim imkanım o qədər geniş deyil ki, tez-bazar orada stadion tikim. Yəqin ki, hər şey zamanla həllini tapar”.

Səxavəddin Sadıxov stadion ərazisi üçün nə qədər ödəniş etdiyini də açıqlayıb:

“3 hektar 72 sot ərazi üçün 400 mindən bir az artıq pul ödəmişəm. Özü də torpağı Mübariz Mənsimovdan yox, qardaşı Mais Mənsimovdan almışam. Onların mülkiyyəti ayrıdır. Topağı almaq üçün dostum da kömək etdi, sonra yavaş-yavaş onun pulunu qaytardım”.

Qeyd edək ki, əslən Masallıdan olan S.Sadıxov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub. O, eyni zamanda Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.


MANŞET XƏBƏRLƏRİ