Azərbaycanda kazino turizmi canlandıra bilər - Oynamaqla müflis olmaq da şəxsi seçimdir


Azərbaycanda yeni kazinonun açılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlir. Əksər hallarda bu obyektlər mənfi prizmadan qiymətləndirilir, asılılıq, maliyyə itkisi və ailədaxili problemlərin mənbəyi kimi təqdim olunur.

Lakin iqtisadçı Fuad İbrahimli mövzuya fərqli prizmadan yanaşır. Yenisabah.az-a danışan ekspert qeyd edib ki, kazinolar siqaret və digər zərərli vərdişlərlə eyni səviyyədə dəyərləndirilməlidir:

“Bu siqaretdə olduğu kimi bir vərdişdir. Çəkməyən adam həm sağlamlığını, həm də cibini qoruyur. Heç kimə məcbur şəkildə siqaret çəkdirmirlər ki? Eyni ilə kazinoya getmək də şəxsi seçimdir. Pulunu itirmək istəməyən getməsin” – deyə o bildirib.

Fuad İbrahimlinin fikrincə, dünyada bir çox ölkələr, o cümlədən Gürcüstan kazinolar vasitəsilə büdcəyə ciddi gəlirlər qazandırır, turizmə töhfə verir və yeni iş yerləri yaradır:

“Bu sahədə işləyən mütəxəssislər təkcə burada yox, Mozambikdə belə asanlıqla iş tapa bilərlər. Çünki bu, beynəlxalq standartlara uyğun bir sahədir. Turizm üçün də böyük cazibədir” – deyə iqtisadçı vurğulayıb.

Bununla belə, ekspert özü şəxsi maraq baxımından kazinoya maraqlı olmadığını da əlavə edib:

“Heç vaxt kazinoda oynamamışam, oynamaq fikrim də yoxdur. Sadəcə, bir gün ab-havanı görmək üçün baxa bilərəm, amma ‘gedib orada milyonlar qazanacağam’ desəm, bu artıq asılılıq olar və məni müflis edər” – deyə o bildirib.

İqtisadçının qənaətinə görə, ölkə iqtisadiyyatı əsasən istehsal üzərində qurulmalıdır. Lakin bu, digər sahələrin inkişafını ləngitmək anlamına gəlməməlidir:

“İqtisadi baxımdan kazinolar olduqca əlverişlidir. Əlbəttə, əsas gəlir mənbəyimiz istehsal sahəsi olmalıdır. Amma bu o demək deyil ki, paralel olaraq digər sektorların inkişafını dayandıraq” – deyə İbrahimli fikirlərini yekunlaşdırıb.


MANŞET XƏBƏRLƏRİ