1812-ci ildə Napoleon Bonapartın Rusiyaya yürüyüşü zamanı onun ordusu tarixdə görünməmiş itkilərə məruz qalıb. Qərargahın geri çəkilməsi ilə nəticələnən bu kampaniyada 300 mindən çox fransız əsgərinin həyatını itirdiyi bildirilir. İllərdir bu ölüm hallarının əsas səbəbi kimi "tifüs" və "siper" virusu göstərilsə də, yeni aparılan elmi araşdırma bu yanaşmanı şübhə altına alıb.
Turkustan.az xəbər verir ki, Fransanın məşhur Pasteur İnstitutundan tədqiqatçı Nikola Raskovanın rəhbərlik etdiyi alimlər qrupu Litvanın Vilnüs şəhərində tapılan və 1812-ci ilə aid olduğu ehtimal edilən 13 fransız əsgərinin diş nümunələrini analiz edib. Tədqiqat metagenomik analiz adlanan və nümunədəki bütün mikrobiyal DNT izlərini aşkar etməyə imkan verən qabaqcıl üsulla aparılıb.
Araşdırma nəticəsində uzun illərdir əsas günahkar sayılan "tifüs" və "siper" mikroblarına rast gəlinməyib. Əvəzində isə alimlər "Salmonella enterica" və bədən bitləri vasitəsilə yayılan "Borrelia recurrentis" bakteriyalarını aşkarlayıblar.
Alimlərin fikrincə, bu iki xəstəlik sərt iqlim və uzun müddətli yorğunluqla birləşərək əsgərlərin ciddi şəkildə zəifləməsinə və kütləvi ölüm hallarına yol aça bilərdi. Xüsusilə yüksələn qızdırma birbaşa ölümə səbəb olmasa da, onsuz da gücdən düşmüş əsgərləri daha da zəiflədərək onların sağ qalmaq şansını azaldıb.
Bununla belə, tədqiqatla bağlı rəy bildirən Avstraliyanın Queensland Texnologiya Universitetindən Dr. Salli Vasef əldə olunan mikrobiyal DNT-nin miqdarının çox aşağı olduğunu və bu nəticələrin daha çox ilk mərhələli ipucu xarakteri daşıdığını vurğulayıb. Onun sözlərinə görə, daha dəqiq nəticələr üçün daha çox əsgər məzarı üzərində araşdırmalar aparılmalıdır.
Yeni tapıntılar Napoleonun Rusiyaya yürüyüşü zamanı baş verən faciənin arxasında duran əsas amilləri yenidən dəyərləndirməyə əsas verir. Tarixi faktların elmi üsullarla işıqlandırılması, keçmiş hadisələrə yeni baxış bucağı qazandırır. /yenisabah.az/