İsti hava şəraiti insanlarla yanaşı, təbiətdəki canlılar üçün də ciddi dəyişikliklərə səbəb olur.
Son günlər müxtəlif bölgələrdə ilanların evlərin yaxınlığında, hətta yaşayış yerlərində görünməsi ilə bağlı xəbərlər artıb. Bəziləri düşünür ki, ilanlar qızmar istilərdə daha çox görünür, digərləri isə onların istidən gizləndiyini deyir. Bəs isti havalarda ilanlar daha çox görünür, yoxsa istidən gizlənirlər?
“Cebheinfo.az” – a mövzu ilə bağlı açıqlama verən Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov bildirib ki, ilanların ən aktiv olduğu dövr may ayıdır:
“Azərbaycanda 28 növ ilan var, onlardan 4-ü zəhərlədir. Zəhərli ilanlara isti və quraq ərazilərdə daha çox rast gəlinir. Dağ ərazilərində yaşayan ilanlar qışlamadan gec çıxa bilir, bu müddət təxminən aprel ayının sonuna qədər çəkir.
Bəzi ilan növləri may ayının əvvəlində, isti və quraq ərazidə yaşayan ilanlar, o cümlədən ən zəhərli ilan növlərindən olan lemonton gürzəsi mart-aprel ayının əvvəlində qışlamadan çıxır. İlanların ən aktiv olduğu dövr may ayıdır, çünki bu ayda ilanların yenilənməyə, çoxalmağa ehtiyacı olur. Həmçinin, hava o qədər də isti olmadığından, sutka ərzində aktiv olurlar.
İyunun əvvəlindən havalar kəskin isindiyi üçün torpağın səthi qızdırıcı olur, buna görə də ilanlar çox da aktiv olmur. Bu dövdə ilanlar yalnız axşam saatlarında və səhər saat 10:00-11:00 aralığında aktiv olurlar. Bəzən hava isti olsa da, ilanlar insan təhlükəsi hiss etdiyi üçün yerdəyişdirməyə ehtiyac duyurlar”.
T.İskəndərov qeyd edib ki, ilanlar təhlükə hiss etdikdə yeni yerlər axtarışına çıxır:
“Çimərliklərin ətrafında qayalıq olan yerlər var, məsələn, Bilgəh çimərliyinin üst tərəfi qayalıq yerlərdir, alt tərəfi çəmərlik olan ərazidir. Qayalıq olan yerlərdə ilanlar yaşayır, əgər ilanları heç kim narahat etməsə, onlar görünmür. Lakin çimərlikdə səs-küy, maşın səsləri nəticəsində ilanlar təhlükəsiz yerlərə keçid etmək üçün fürsət axtarır.
Əgər havanın isti vaxtı ilanları görürüksə, deməli, onlar ya yem, ya da daha təhlükəsiz yerlər axtarır. İnsanların ilanlarla tez-tez qarşılaşması ilanların sayının artmasından xəbər vermir, əksinə, ilanların sayı getdikcə azalır.
Əvvəllər ilanlar Abşeron yarımadasında bərabər şəkildə paylanmışdırsa, indi həmin ərazilərdə bağlar, müəyyən obyektlər qurulur deyə ilanlar həmin yerlərdən sıxışdırılıb müəyyən lokal əraziyə toplanır. Yəni insanların sıx olduğu ərazidə ilanlarla tez-tez qarşılaşması say artımı ilə əlaqəli deyil”.