Tramp-Putin görüşü niyə baş tutmadı? - PƏRDƏARXASI MƏQAMLAR - ŞƏRH


Budapeştdə keçirilməsi planlaşdırılan ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin görüşü baş tutmayıb. Gözlənilən zirvə son anda təxirə salınıb. Hər iki tərəf görüşün təxirə salınmasına səbəb kimi “vaxtın səmərəli istifadə olunmaması”nı göstərib.

Tramp və Putin komandaları danışıqların hazırkı mərhələdə nəticə verməyəcəyini bildirərək görüşü daha münasib vaxta saxlamağın daha məqsədəuyğun olduğunu açıqlayıblar. Diplomatlar isə qeyd edirlər ki, tərəflər arasında bir sıra əsas məsələlər üzrə fikir ayrılıqları hələ də qalır.

Maraqlıdır, görəsən, görüşün baş tutmamasının arxasında hansı səbəblər dayanır? Nə baş verdi? Turkustan.az olaraq bu sualları politoloq Züriyə Qarayevaya ünvanladıq.

Züriyə Qarayeva

Züriyə Qarayeva

Donald Tramp və Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüş baş tutmadı, çünki tərəflərin maraqları və məqsədləri üst-üstə düşmədi. Tramp açıq şəkildə bildirdi ki, konkret nəticə və real razılaşma əldə olunmayacaqsa, belə bir sammitdə iştirak etməyəcək. O, sadəcə görüntü yaradan, amma praktik nəticə verməyən danışıqlarda iştirak etməyi məqsədəuyğun hesab etmədi.

Putin üçün Budapeşt görüşü daha çox simvolik məna daşıyırdı. O, bu toplantını beynəlxalq aləmdə yenidən legitim oyunçu kimi görünmək və Avropa İttifaqı ilə bağlı izolyasiya divarını qırmaq cəhdi kimi qiymətləndirirdi. Xüsusilə Viktor Orbanın Rusiyaya yaxın mövqeyi Kremli belə bir təşəbbüsə ruhlandırmışdı.

Trampın əsas məqsədi isə müharibəni dayandırmaqla həm iqtisadi maraqlarını qorumaq, həm də “sülh gətirən lider” obrazını möhkəmləndirmək idi. O, Rusiyanın Çindən uzaqlaşmasını və Ukraynada atəşkəsin təmin olunmasını əsas şərt kimi irəli sürürdü. Lakin Moskva bu tələbləri qəbul etmədi.

Nəticədə Budapeşt sammiti təxirə salındı. Bu hadisə göstərdi ki, Qərb artıq Rusiyadan sadəcə sülh bəyanatları deyil, konkret addımlar gözləyir, Tramp isə gələcək danışıqlarda ABŞ-ın siyasi və iqtisadi şərtlərini diktə etməyə üstünlük verir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ