Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa AYB üzvü, DGTYB Məsləhət Şurasının üzvü, şair-publisist, pedaqoq Elşən Əzimi 50 illik yubileyi ilə bağlı təbrik edib.
Təbrik məktubunda yubilyarın vətəndaş cəmiyyəti institutlarındakı fəaliyyətinə və yaradıcılıq uğurlarına vurğu edilib:
“Hörmətli Elşən müəllim,
Sizi – sözə, təhsilə və milli düşüncəyə xidmət edən aydınımızı 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Çox şadam ki, bu ilki yubileyinizi doğma Kəlbəcərin, işğala uğramış digər şəhər və kəndlərimizin qurtuluşunun beşinci ildönümü və “Böyük Qayıdış” proqramının uğurlu icrasının sevinci içində keçirirsiniz.
İctimai xadim olaraq fəaliyyətinizin müxtəlif istiqamətləri – ədəbi yaradıcılıq, təhsil və ictimai təşəbbüslər – bütövlükdə mədəni maarifçilik və vətəndaş məsuliyyəti örnəyi kimi dəyərləndirilməlidir. Şair olaraq duyğuların və düşüncələrin - o cümlədən sağlam milli-mənəvi düşüncələrin tərcümanı, publisist kimi ictimai fikrin daşıyıcısı, pedaqoq olaraqsa gənclərin mənəvi memarlığında töhfələrlə çıxış etməyiniz təqdirəlayiqdir.
Siz uzun illərdir Milli Qəhrəman Şahlar Şükürov adına Kəlbəcər 35 saylı tam orta məktəbin direktorusunuz.
Eləcə də, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının fəal üzvüsünüz. Müəllifi, redaktoru, tərtibçisi olduğunuz bir neçə kitab gün üzü görüb. Ölkəmizdə, eləcə də, Qırğız Respublikasında, Özbəkistanda keçirilən uluslararası festivallarda uğurla iştirak etmiş, ödülləndirilmisiniz.
Bunlar həm milli ədəbiyyatımıza bağlılığınızı, həm də Türk dünyası miqyasında ədəbi və mədəni inteqrasiyaya verdiyiniz töhfələri təsdiqləməkdədir.
Biz mədəniyyət və təhsil sahəsində formalaşmış sizin kimi aydınlarımızın mövqeyini, bu əsasda ictimai örnəkləri toplumumuzun dəyərlərinin qorunması baxımından önəmli sayır, şəxsiyyət və söz arasında güclü bağ qura bilən aydınların fəaliyyətini yüksək qiymətləndiririk.
Sizə möhkəm cansağlığı, ictimai fəaliyyətdə və yaradıcılıqda yeni uğurlar diləyirəm!
Yubileyiniz mübarək olsun”!