Keçmiş əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından imtina etdiyini deyib. O, Moderator.az-a açıqlamasında atası ilə münasibətlərinin pis olduğunu bildirib.
Sitat: “Əsirlikdən gələn günündən mənimlə münasibətləri pisdir. Ancaq pul, var-dövlət fikirləşir. Söz-söhbətdən daha bezmişəm. Bir yer verib mənə, orada ev tikmişəm. Gündə gedib-gəlir ki, traktorla uçurdacam. Quyudan su çəkmişəm, gəlib suyumu kəsib. 10 gündür içməli su tapmırıq. Bütün işlərimə mane olur. Mənim o adda nə atam yoxdur, nə də valideynim”.
Onun bu açıqlaması müzakirələrə səbəb olub.
Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Dilqəm Əsgərovla əlaqə saxlayıb.
D.Əsgərovun sözlərinə görə, oğlu narkotik maddə istifadəçisidir və söylədiklərinin heç bir əsası yoxdur:
“İki evim var – biri Şəmkirin Çinarlı kəndində, digəri isə ölkə başçımızın verdiyi evdir, Bakıdadır. Hazırda kiçik oğlumla yaşayıram. Böyük oğluma da ayrıca ev tikmişəm. O, bir ildir narkotik istifadə edir. Artıq nə dediyini bilmir. Nə olsa da, oğlumdur. Özünə görə yox, üç nəvəmə görə onları heç vaxt evdən çıxarmaram. Nəşə çəkir, həyat yoldaşını döyür, xəsarət yetirir. Gəlinim pis vəziyyətdədir. İçki içib narkotik qəbul edir, qayınanasını söyür. Bir neçə gün əvvəl bacanağı ilə əlbəyaxa dava etdilər. Onunla əlaqəmiz yoxdur”.
Dilqəm Əsgərov oğlunun dəfələrlə oğurluq etdiyini də deyib:
“Evdən qızıl, məişət əşyaları oğurlayıb satıb. Pulunu narkotikə verib. İndi də pul istədi, dedik, yoxdur. Ona görə çıxıb belə sözlər deyir. Gəlinimlə də boşanmaq üzrədirlər. Mən o qızdan narazı deyiləm. Evi onlara vermişəm, bizə lazım deyil. Yazıq gəlinim döyülməkdən cana yığılıb. Hər gün nəşə çəkib qızı boğur. Biz bu adamla bacara bilmirik. İndi də bizi şərləyir, çünki narkotik almağa pul vermirik”.