Sosial şəbəkələrdə paytaxtın 212 nömrəli tam orta məktəbində 8-ci sinif şagirdinin salto vurmasını əks etdirən görüntülər yayılıb. Məktəb rəhbərliyindən verilən məlumata görə, həmin şagird davranış qaydalarını mütəmadi olaraq pozur.
Mövcud problemlə bağlı məktəb rəhbərliyi və psixoloq tərəfindən şagirdlə söhbətlər aparılıb, müvafiq tövsiyələr verilərək dəstək tədbirləri görülüb. Lakin valideyn dəfələrlə məktəbə dəvət edilsə də, hələ də müsbət nəticə əldə olunmayıb. Bəs yeniyetmələrdə müşahidə olunan bu cür aqressiv və qeyri-adekvat davranışların əsl səbəbləri nədir?
Psixoloq İlahə Dadaşovanın sözlərinə görə, davranış pozuntusu məktəbdə deyil, ailədə formalaşır:
"Hər bir yeniyetmədə özünütəsdiq istəyi olur. Bir çox yeniyetmələr bu istəyi neqativ fəaliyyətlərə yönəldirlər. Çox vaxt buna səbəb natamam ailə quruluşu və valideynlərin uşaqlara qarşı diqqətsizliyidir. Çünki davranış pozuntusu məktəbdə deyil, məhz ailədə formalaşır. Biz davranış pozuntusu olan uşaqların davranışlarını korreksiya etməklə yanaşı, həm də onların gizli qabiliyyət və bacarıqlarını tapıb üzə çıxarmalıyıq. Unutmaq olmaz ki, yeniyetməlik dövrünün tipik xüsusiyyəti sosial həyatda status qazanmaq və yer tutmaq cəhdidir".
Sosioloq Mail Yaqub isə bildirib ki, bu gün yeniyetmələrə ən güclü təsir edən amil sosial şəbəkələr və oradakı bəzi şəxslərin anormal hərəkətləridir:
"Uşaq və yeniyetmələr orada nəyi görürlərsə, onu da mənimsəyir, öz hərəkətlərində əks etdirirlər. Hazırda sosial şəbəkələr yeniyetmələrin və uşaqların əxlaqına, davranışlarına sanki düşmən kəsilib. Bu məsələdə həm valideynlər, həm də məktəbdəki müəllimlər maksimum dərəcədə həssas olmalıdırlar"./oxu.az