Maaş və pensiya artımı real görünür?


“2024-cü ilin büdcəsinə dəyişikliklər gözlənilir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə hələlik bununla bağlı qanun layihəsi parlamentə daxil olmayıb:

"İlin birinci yarısında neftin qiyməti kifayət qədər yüksək olub. Ona görə, dövlət büdcəsinə əlavə vəsait daxil olub. Həmin vəsaitin xərclənməsi, yönəldiləcəyi istiqamətlər müzakirə edilə bilər. Prezident İlham Əliyev azad olunmuş ərazilərdə görülən işləri sürətləndirmək, əhalinin doğma torpaqlarına qayıdışını tezləşdirmək üçün addımlara önəm verdiyini bəyan edib. İkinci vacib sahə müdafiə və təhlükəsizlikdir. Sosial müdafiə sahəsinə də ayrılan vəsaitin artırılması müzakirə oluna bilər".

2024-cü ilin dövlət büdcəsində neftin qiymətinin 60 dollardan götürüldüyünü xatırladan Vahid Əhmədov bildirib ki, büdcəyə yenidən baxılsa, bu rəqəm dəyişə bilər:

"Neftin qiymətini 70-75 dollardan da götürmək olar. Çünki hazırda neftin bir barelinin bazar qiyməti 90 dollara yaxındır. Amma əsas məsələ, daxil olan əlavə vəsaitin hansı istiqamətlərə yönəldiləcəyidir. Büdcə daxilolmalarının artıq olması təkcə neftin payına düşmür. Digər sahələrdən gəlirlər nəzərdə tutulandan da yüksək ola bilər. Dediyim kimi, sənəd Milli Məclisə daxil olduqda, bu barədə dəqiq məlumat verə bilərik".

2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat məbləğində təsdiq edilib. Qeyd edək ki, ictimaiyyət qarşıdakı dövrdə büdcənin yenidən müzakirəsi zamanı əməkhaqqı və pensiyaların artırılacağını düşünür.

Büdcənin yenidən müzakirəsi zamanı gəlirlərin müəyyən hissəsinin işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinə yönəldilməsi təbiidir.

Bu zaman sosial paketlər, o cümlədən əməkhaqqı və pensiyalarda artımla bağlı dəyişikliklər müzakirə oluna bilərmi?

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya bildirib ki, əslində gözlənilən proqnozlara görə, 2024-cü ilin sonuna qədər bağlanmış fyuçerslər üzrə müqavilələr hətta avqust-sentyabr aylarında belə, dünya bazarında neftin qiymətinin 80 dollardan aşağı olmayacağını göstərir:

“Bu, böyük ehtimallar yaradır ki, 2024-cü ili Azərbaycan nefti 80 dolların üzərində olan qiymətlərlə yekunlaşdıracaq. Bu baxımdan da Azərbaycana əlavə avantajlar yaradır, büdcənin gəlirlərinin artmasına səbəb olur. Nəticə etibarilə də büdcə daxilolmaları nəzərdə tutulandan daha çox baş verir.

Dövlət Neft Fondundan köçürmələr, neft və neft məhsullarının ixracatı ilə bağlı vergilərin, gömrük rüsumlarının həddinin artması gözləntilərdən daha çox ola bilər. Burada nəzərdə tutulacaq artımlar hökumətin verəcəyi qərarla bağlıdır. Çünki Mərkəzi Bank həm uçot dərəcələrinin aşağı salınması, həm də kredit faizlərinin minimuma endirilməsi kimi müxtəlif strateji addımlar atır”.

Ekspert hələlik hesab etmir ki, əməkhaqları, sosial ödənişlərlə bağlı hansısa kəskin artımlar baş versin:

“Çünki hökumət bunu riskli hesab edir. Həm Mərkəzi Bankın strateji siyasətində, həm də hökumətin nəzərdə tutulan xərclərində sosial artımlar üçün ən yaxşı halda 7-10 faiz artım nəzərdə tutula bilər. Əgər Milli Məclis may ayının 31-də tətilə gedərsə, yaz sessiyası yekunlaşarsa, bu, böyük ehtimalla payız sessiyasında müzakirəyə çıxarıla bilər. Büdcəyə təkliflər, əlavə və dəyişikliklərə yenidən baxılması adətən ilin ikinci yarısında baş verir. Bunun üçün də ya Milli Məclisin ya növbədənkənar toplantısı çağrılmalıdır, ya da sentyabr ayında bu məsələyə baxıla bilər. Hesab etmirəm ki, iyul-avqust aylarında belə bir müzakirə aparılsın”.

Ekspertin sözlərinə görə, hazırda neftlə bağlı risklər mövcud olmasa belə, müəyyən tərəddüdlər var:

“OPEC+ ölkələri ilə bağlı iyul ayında razılaşma qüvvədə qalsa, o zaman neftin qiyməti sabit qalacaq. Burada əsas hasilatın sabit saxlanılması, artırılmaması ilə bağlı öhdəliklərdir. Ancaq bir sıra xarici təsirlər də mövcuddur. Rusiyanın, İranın, Səudiyyə Ərəbistanının və bu yaxınlarda neft hasilatını artırmaqla bağlı Meksikanın qərarları var idi.

Əgər bu gözlənilən risklər baş verməsə, neft ucuzlaşmayacaq. Ən azından, indiki səviyyədə qalacaq. Ona görə də artımlar çox da böyük olmayacaq. Çünki əhalinin əlində nağd pul kütləsinin olması əlavə inflyasiya riskləri yarada bilər və ona görə də hökumət belə bir vaxtda riskli addım atmayacaq. 2024-cü il üzrə Mərkəzi Bankın strateji planlarına, atdığı addımlara, istifadə edilən maliyyə alətlərinə baxanda görürük ki, əslində heç bir artım, sosial ödənişlər həyata keçirilməyəcək. Ən yaxşı halda sentyabrda 8-10 faizlik artım müşahidə edə bilərik”.


MANŞET XƏBƏRLƏRİ