Sayman Aruz Kulis.az saytına verdiyi açıqlamada bildirib ki, “İran vətəndaşı olan şəxslər Azərbaycanda gedən ədəbi-ictimai proseslərə müdaxilə etmə haqqına malik deyil.”
Bu cümlə yalnız bir şəxsin müdafiəsi deyil, bu, ədəbiyyatın özünə çəkilən səddir. Nə qədər qəribə olsa da, bu adam ədəbiyyatı dövlət sərhədinə bağlamağa çalışır, halbuki poeziya sərhədləri sındırmaq üçün yaranıb.
Sözügedən şəxs xəritələr üzərində bölünən xalqı ədəbiyyatla bölmək istəyir. Sayman bəy, siz sözə xəritə çəkirsiniz.
Cənubi Azərbaycan şairinə “qarışa bilməzsiniz” dediyin həmin Azərbaycanın və Azərbaycan ədəbiyyatının köküdür. Elə sən bu kökün gücündən bəhrələnərək danışırsan, sonra həmin kökü çıxarıb torpaqdan kənara atırsan. Vətəni coğrafiya fərz edib, kökü unudursan.
Şəhriyarın “Heydərbabaya salam”ı həmin “qarışa bilməz” şairlərin nəfəsidir. Bu nəfəs olmasaydı, ədəbiyyatımızdan çox şeylər əksik olardı. O nəfəsin içində həm sənin adını daşıyan dil var, həm də sənin iddia etdiyin məsuliyyətin bütün mənası. İndi sən o nəfəsi “icazəsiz hava” kimi qələmə verirsən.
Bir şeyi dərk etmirsən: həqiqətin ayağı topaldır, geciksə də sonda aşkara çıxır. Bəsdir bu qədər ədəbiyyatımıza etdiyin xəyanət!
Əgər cənublu şair danışırsa, bu müdaxilə deyil; onu susdurmaq istəsən belə, o səs daha dərinə gedəcək, çünki poeziyada susduğun hər şey bir gün sənin içində danışmağa başlayar.
Ədəbiyyata icazə rejimi tətbiq edən hər kəs unudur ki, poeziya itaət üçün yox, gerçəkliyi aydınlaşdırmaq vasitəsidir. Söz nə vaxt yasaqla qarşılaşırsa, o yasağın altından yeni bir səs doğulur. Sən həmin yeni səsi “xarici təsir” adlandırırsan. Halbuki poeziyanın içində “xarici” olan tək şey qorxudur.
Və sən qorxunu siyasət kimi təqdim edirsən. Şər və böhtan atmaqla söylədiyin yalanların arxasında gizlənirsən.
Ədəbi mühitə sərhəd çəkməklə məşğul olan birisisən. Güclü olan ədəbiyyatın qarşısına divar hörməz, hörmətlə onu eşidər. Gücsüz olan isə eşitdiyini təhlükə kimi dəyərləndirər.
Cənublu şairlərin səsi sənin üçün “haqsız müdaxilə”dirsə, deməli, sən poeziyanı dövlətlə ölçürsən, xalqla yox.
Ancaq bu xalq üçün poeziya heç vaxt dövlətin mülkiyyəti olmayıb; bütövlüyün, azadlığın və vicdanın səsi olub.
Bir şeyi unutdun: sözün kimdən gəldiyi vacib deyil, sözün gəldiyi yer — həqiqətdir.
Həqiqəti isə nə pasportla məhdudlaşdırmaq olar, nə də bəyanatla. Həqiqətin səsini boğmaq istəyən yalnız öz səsini itirər. Cənubun şairi sənin üçün “haqsız müdaxilə” ola bilər, amma ədəbiyyat üçün minillik yaddaşın dilidir. O dil susmaz, çünki sənin təhlükə sandığın şey cənublu yazarların varlığıdır.
Bir gün anlayacaqsan ki, sözə qadağa qoyan, şər və böhtan atan adam özünü qorumağa çalışmır, bəlkə öz mahiyyətini göstərməyə çalışır. Sən və sənin kimilər Cənubun nəfəsini susdura bilməz. Cənublu yazar öz gücünə həmişə inanıb və sənin kimi ədəbiyyat alverçilərinə söykənməyib. Unutmamalısan ki, sözü qamarlamaq, qandallamaq olmaz; sözün qarşısında yalnız məsuliyyət daşımaq olar.
Əgər bu gün Cənub danışırsa, cənubun tanınmış ədəbi simaları danışırsa, sənə düşən görəv onu dinləməkdir.
Əgər sən tənqidə dözə bilmirsənsə, bu şəxsi problemindir. Ancaq tənqid edənləri “anti-Azərbaycan dairələri” adlandırmaq artıq zəiflik deyil, məsuliyyətsizlikdir. Ədəbi prosesə kim qarışa bilər və ya kim qarışa bilməz deyə sizmi müəyyən edirsiniz?
Ədəbiyyat heç vaxt bir şəxsin səlahiyyəti ilə yaşamayıb. Ədəbiyyatda “icazə” deyil, “yazmaq cəsarəti” mövcuddur. Əgər bir şair danışırsa, onun səsini kəsmək sənin işin deyil, çünki o səs səni yox, poeziyanın öz vicdanını təmsil edir. Cənubi Azərbaycan ədəbiyyatı bu xalqın ruhunda əks olunan ən qədim güzgüdür. Xətai, Şəhriyar və s. eyni dilin, eyni soyun, eyni coğrafiyanın poetik və kimlik yaddaşıdır. Bu yaddaşı “vətəndaşlıq” qutusu içində kilidləmək, poeziyanı dövlət sərhədinə tabe etmək söz azadlığına xəyanətdir.
Artıq adlandırdığın komissiya və ya şöbə birləşdirməklə məşğul deyil, bölməklə məşğuldur.
İllərlə güneydə tanınmış bir dərnək içində, tanınmış ədəbi simalarla bərabər fəaliyyət göstərmişik. Ancaq Sayman Aruz kimi bir adamı ciddi bir ədəbiyyatçı kimi və ya bir şöbənin müdiri kimi qəbul edən görməmişik. Çünki Instagramdakı canlı yayımda bildirdiyiniz kimi, özünüz özünüzü başqan təyin etmişsiniz — həm də cənublu şairlərin xəbəri olmadan...
Sayman Aruzun cümlələrində baxış açısı elə bizim nəfəsimizi boğan, sözümüzü boğan, içimizdəki qaranlığı ayağa qaldıran dilindən danışır. Hər kəlməsi təkcə səsləri baykot üçün deyil, vicdanın sərhədlərini daraltmaq məqsədi daşıyır. Bu dil, səssizliyin və qorxunun dili, bizim azad nəfəsimizə çəkilən qadağadır.
Rəsul İsmailian - Şair, tənqidçi
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.