Azərbaycanda əməkhaqqı və pensiya ödənişləri ilə bağlı bank seçimi imkanının yaradılması yenidən gündəmə gəlib. Belə ki, faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib ki, yaxın aylarda bank sektorunda əmək bürokratizasiyasının azaldılması istiqamətində addımlar atılacaq. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aparılan inteqrasiya işləri nəticəsində həm dövlət, həm də özəl sektorda çalışan vətəndaşların maaşlarını istədikləri bank vasitəsilə ala bilməsi üçün mexanizmlər hazırlanır. Əlavə olaraq, qeyd olunan məsələ ötən gün Mərkəzi Bank sədrinin iqtisadçılarla keçirdiyi görüşdə də müzakirə olunub.
Məsələ ilə bağlı Modern.az-a açıqlamasında görüşün iştirakçısı, iqtisadçı Əkrəm Həsənov dəyişikliklərin vətəndaş hüquqları və bank sektoruna təsirini şərh edib.
Onun sözlərinə görə, 2022-ci ilin sonu, 2023-cü ilin əvvəllərində əməkhaqqı və pensiya alan vətəndaşlara bank seçimi imkanının yaradılması məsələsi müzakirə olunur:
"Bu gün vətəndaşların hansısa bankın məcburi şəkildə müştərisinə çevrilməsi, əməkhaqqı və ya pensiyanın yalnız həmin bank vasitəsilə alınmasına məcbur edilməsi düzgün deyil və qanuna ziddir. Bu, həm də Mülki Məcəllənin tələblərinə uyğun gəlmir. Çünki Mülki Məcəlləyə əsasən, bank hesabı müqaviləsi könüllü bağlanılır. Yəni vətəndaş istənilən bankın müştərisidirsə və kartı varsa, deməli onun həmin bankda hesabı mövcuddur. Kart sadəcə hesabdan istifadə vasitəsidir. Bu halda heç kəsi konkret bankla işləməyə məcbur etmək olmaz. Hətta müqavilə bağlanıbsa belə, müştəri istənilən vaxt bankla əməkdaşlığa xitam verə bilər. Bank isə bunu birtərəfli qaydada edə bilməz, yalnız məhkəməyə müraciət etməlidir. Müştərinin isə istənilən halda müqaviləni dayandırmaq hüququ var".

İqtisadçının sözlərinə görə, hazırda çox qəribə vəziyyət yaranıb:
"Pensiyalar əsasən Dövlət Sosial Müdafiə Fondunun seçdiyi iki bank vasitəsilə ödənilir. Dövlət qurumlarında əməkhaqları da əvvəlcədən müəyyən edilmiş banklar üzərindən köçürülür. Hətta özəl sektorda belə işçilər üçün konkret bank seçilir və maaş həmin bank vasitəsilə verilir. Bu isə qanunsuz yanaşmadır. Bu məhdudiyyət aradan qalxdıqdan sonra ilk növbədə qanunun aliliyi təmin olunacaq. Digər tərəfdən, vətəndaşın seçim hüququ yaranacaq. Əgər bankın xidmət keyfiyyəti onu qane etmirsə, başqa banka keçə biləcək və işəgötürənə maaşının həmin banka köçürülməsini bildirəcək. Eyni şəkildə, pensiya alan şəxs də vəsaitin istədiyi banka köçürülməsini tələb edə biləcək. Vətəndaşın istənilən vaxt bankını dəyişmək hüququ var".
Ə.Həsənov həmçinin qeyd edib ki, dəyişiklik bank xidmətlərinin keyfiyyətinə də müsbət təsir göstərəcək:
"Banklar arasında rəqabət güclənəcək və hər bir bank müştərini cəlb etmək üçün daha keyfiyyətli xidmət göstərməyə çalışacaq".
İqtisadçı onu da əlavə edib ki, digər mühüm məsələ isə əməkhaqqı və pensiya kartları üzərindən yaranan sui-istifadə hallarıdır:
"Hazırda bəzi banklar kredit müqavilələrinə belə bir şərt daxil edirlər ki, kredit üzrə gecikmə yaranarsa, vəsait birbaşa əməkhaqqı və ya pensiya kartından tutulacaq. Əgər həmin kart başqa bankda olsaydı, bank məhkəməyə müraciət etməli idi. Məhkəmə qərarı olduqdan sonra isə maaş və ya pensiyanın yalnız müəyyən hissəsi tutula bilərdi. Amma hazırda bəzi hallarda vəsaitin tam şəkildə çıxılması baş verir.
Vətəndaş isə qanunla deyə bilər ki, əməkhaqqını və ya pensiyasını həmin bankdan almaq istəmir və başqa banka keçir. Hazırda buna imkan verilmir. Bu isə qanunsuzluqdur. Yeni sistem tətbiq edildikdən sonra vətəndaşın həmin bankda kredit borcu olsa belə, başqa banka keçmək hüququ olacaq. Bank isə borcla bağlı məhkəməyə müraciət edə bilər".
Ə.Həsənov diqqətə çatdırıb ki, bu dəyişiklik banklar arasında rəqabəti daha da artıracaq və xidmət keyfiyyətinin yüksəlməsinə ciddi müsbət təsir göstərəcək:
"Əslində, sistemin ötən ilin oktyabrından tətbiqi gözlənilsə də, müəyyən gecikmələr oldu. Mərkəzi Bank sədrinin bildirdiyinə görə, sistemin iyul ayınadək işə düşməsi nəzərdə tutulur".