Bu ölkədə əsl cəhənnəm yaşanır: Ölənlərin sayı artır


Fransada davam edən həddindən artıq istilər ölkə üzrə rekord göstəricilərə səbəb olub.

Turkustan.az xəbər verir ki, Fransa Meteorologiya Xidmətinin (Meteo-France) məlumatına görə, ölkə üzrə orta temperatur 29,8 dərəcə Selsiyə çatıb ki, bu da 1947-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Qurum 30 meteoroloji stansiyadan əldə edilən məlumatlara əsasən həm gündüz, həm də gecə temperatur göstəricilərində ciddi artım müşahidə olunduğunu bildirib. Əvvəlki rekordlar 2003-cü ilin avqustunda və 2019-cu ilin iyulunda qeydə alınaraq 29,4 dərəcə Selsi olmuşdu.

Bəzi bölgələrdə temperatur kəskin yüksəlib. Pissos şəhərində 44,3 dərəcə, Bordoda isə 42,1 dərəcə Selsi qeydə alınıb.

Gecə temperaturu da rekord səviyyəyə çataraq orta hesabla 21,6 dərəcə Selsi olub. Bu göstərici 1947-ci ildən bəri ən yüksək gecə temperaturu kimi qeydə alınıb.

İstilik dalğası nəticəsində 54 bölgədə qırmızı həyəcan siqnalı elan edilib, son günlərdə isə 40 nəfərin boğulma və istiliklə əlaqəli səbəblərdən həyatını itirdiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ