Azərbaycana avtomobil ehtiyat hissələrinin idxalı kəskin artıb.
Ölkəmizə cari ilin yanvar-avqust aylarında idxal edilən avtomobil və onların hissələrinin dəyəri 1 milyard 738 milyon ABŞ dollarına yaxın olub.
Bu, ötən ilin 8 ayı ilə müqayisədə 17,2 % çoxdur. İdxal olunan ehtiyat hissələrinin dəyərinin artması bazarlara da təsir göstərir. Sürücülər də ehtiyat hissələrinin qiymətində artım olduğunu bildirirlər.
Qiymət artımı 2-ci əl, yəni işlənmiş ehtiyat hissələrindən də yan keçmir. Satıcılar xaricdən alışın baha olmasını və yol xərclərini qiymət artımına əsas səbəb olaraq göstərirlər.
Artan qiymətlər sığorta bazarına da təsirsiz qalmır. Yaxın zamanda sığorta qıymətlərinin artımı gözlənilir?
Sualı Bizim.Media üçün cavablandıran Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, yaxın perspektivdə sığorta qiymətlərində dəyişikliklərin olacağı gözlənilmir:
“Amma qiymət artımı gələcəkdə də davam edərsə, bu məsələyə baxıla bilər. Çünki əvvəllər hansısa avtoqəzada orta zərər qiyməti 1,5-2 min manat idisə, hazırda bu rəqəm 3-4 min manatdır. Bilirsiniz ki, əmlaka görə icbari sığorta ödənişinin maksimum həddi 5 min manatdır. Ona görə də hələ ki, bu məbləğ var. Bu səbəbdən vəsait bir çox hallarda bəs edir.
Amma könüllü sığorta növü də var. Vətəndaş təxminən 20 manat əlavə ödəməklə daha 5 min manat sığorta ödənişinə çıxış imkanı qazanır. Beləliklə vətəndaş 10 min manat sığorta təminatı almış olur. Bir daha qeyd edirəm ki, hələ ki, sığorta növləri üzrə ödənişlərdə qiymət artımı gündəmdə yoxdur”.