İsrail müdafiə naziri niyə Bakıya zəng etdi? - Bir gündə iki dəfə


"İrandakı dairələrin Azərbaycana qarşı növbəti təxribat planları İsraili də narahat edir".

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İsrail-Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

"İsrail müdafiə naziri Yoav Qallant azərbaycanlı həmkarı Zakir Həsənova zəng edib. Nazirlər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər. İsrail müdafiə naziri daha sonra Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə telefonla danışıb. Bu telefon danışığında isə tərəflər sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Hesab edirəm ki. İsrail müdafiə nazirinin Bakıya iki zəngi İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsiylə bağlıdır. İrandakı dairələrin Azərbaycana qarşı növbəti təxribat planları İsraili də narahat edir.

Tehran İsraillə yanaşı, Təl-Əvivin bölgədəki tərəfdaşlarına qarşı da təxribat planları hazırlaya bilər. Bu səbəbdən Azərbaycanın həm təhlükəsizlik tədbirlərini artırmağa, həm də bu sahədə tərəfdaşlarıyla əməkdaşlığı genişləndirməsinə ehtiyacı var.

Azərbaycanda İranın casus şəbəkəsi neytrallaşdırılır. Ancaq İranın 30 ildə Azərbaycanda casus şəbəkəsi ilə yanaşı, "yatmış hücrələr" formalaşdırdığı da istisna deyil. Azərbaycan 30 ilə yaxındır İran agenturasıyla mübarizə aparır, nə qədər həbslər həyata keçirilib, ancaq bu, hələ də son deyil". (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ