Partiyasını 10 min manata satışa çıxaran Hacıbaba Əzimovdan AÇIQLAMA


Hacıbaba Əzimovun sədri olduğu Azərbaycan Milli Birlik Partiyasını satışa çıxardığı haqda məlumat yayılıb.

Bu barədə jurnalist Samir Feyruzov özünün Facebook hesabında məlumat verib. Onun sözlərinə görə iqtisadçı Qubad İbadoğlu bu partiyanı almaq üçün Hacıbaba Əzimovla danışıb və tərəflər arasında razılaşma da əldə olunub. Həmçinin qeyd edib ki, Hacıbaba Əzimov Azərbaycan Milli Birlik Partiyasını Qubad İbadoğluna 10 min manata satır.

Çünki Ədliyyə Nazirliyi onun təsis etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasını qeydiyyata almır. Bu səbəbdən də 1992-ci ildən dövlət qeydiyyatına alınan Azərbaycan Milli Birlik Partiyasını almaq qərarına gəlib.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Hacıbaba Əzimov rəhbəri olduğu partiyanı satışa çıxarması ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirib:

"Azərbaycan Milli Birlik Partiyasının rəhbəri, yəni mən heç vaxt pula satılmamışam. Hətta özümün yaratdığı universitetdə rektor olmuşam və bir nəfərdən bir qəpik pul almamışam.

Deputat olanda da, ondan sonra da təmənnasız xalqıma xidmət etmişəm. Eşidiblər ki xəstəyəm, kampaniyaya başlayıblar və mənə zərbə vurmaq istəyirlər. Nə satışa çıxarmaq? Mən partiyanı niyə satım ki? Qubad İbadoğluna verdiyim müsahibəni başdan ayağa oxuyun, o zaman biləcəksiz ki, mən kiməm?", - deyə Hacıbaba Əzimov əlavə edib.

Məsələdə adı çəkilən iqtisadçı –ekspert Qubad İbadoğlu isə əlaqə yaratmaq mümkün olmayıb.


MANŞET XƏBƏRLƏRİ