“ABŞ rəsmilərinin Cənubi Qafqaz regionuna səfərləri xüsusi əhəmiyyət daşıyıb”.
Bunu siyasi şərhçi Azər Qasımov ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza planlaşdırılan səfərini Bakıvaxtı.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, bu, ABŞ-nin səfər edilən ölkələrə verdiyi xüsusi əhəmiyyətin göstəricisi olub:
“Tramp adminstrasiyasının vitse-prezidenti Ceyms Devid Vensin Bakıya gözlənilən səfəri indiki mürəkkəb geosiyasi reallıqlar fonunda müzakirə edilməsi nəzərdə tutulan məsələlər baxımından vacib əhəmiyyət kəsb edir. TRIPP layihəsi daha çox Azərbaycanın maraqları çərçivəsindən önəm daşıyır. Bunun üçün İrəvana gələn və iki həftə orda qalacağı bildirilən nümayəndə heyətinin bu layihə üzərində işləməsi ABŞ-nin real işə başladığını göstərir”.
Müsahibimiz vurğulayıb ki, Vensin Azərbaycana səfəri isə yeni geosiyasi durum yaradır. Dediyinə görə, bu, ABŞ rəsmilərinin Qarabağ problemi həll ediləndən sonra ilk səfəridir. Bu səfər Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan siyasi konfiqurasiyasında yeni dövrə qədəm qoyur.

Azər Qasımov: Vensin Azərbaycana səfəri yeni geosiyasi durum yaradır
Politoloqa görə, Azərbaycan balanslaşdırılmış siyasət konfiqurasiyasının konturlarında dəyişiklik edir və daha çox Qərb amilinə üstünlük verir:
“Bu səfərin Azərbaycan və ABŞ arasında ilk növbədə hərbi sahədə əməkdaşlıq məsələsində irəliləmələrin olacağını, hərbi təchizat sahəsində müasir silahların alınmasını özündə ehtiva edəcək. Hesab edirəm ki, Azərbaycan artıq aktiv şəkildə beynəlxalq siyasətin aktoruna çevrilir. ABŞ ilə əməkdaşlıq isə bu yolda Azərbaycana yaşıl işıq yandırır”.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza planlaşdırılan səfəri region üçün mühüm siyasi və strateji məqamlarla müşayiət olunur. Bu səfər bir neçə əsas istiqamətdə ciddi proseslərin aktivləşməsinə səbəb ola bilər.
Diqqət mərkəzində duran əsas məsələlərdən biri 8 avqust 2025-ci il tarixli anlaşmanın icrası ilə bağlıdır. Xüsusilə “Tramp marşrutu”nun istifadəyə verilməsi və bunun regional kommunikasiyalara təsiri səfər zamanı müzakirə edilə biləcək əsas mövzulardandır. Bununla yanaşı, ABŞ və Azərbaycan arasında strateji müttəfiqlik xartiyasının imzalanması istiqamətində artıq fəaliyyət göstərən işçi qrupunun mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Vensin səfərinin əsas məqsədlərindən biri məhz bu işçi qrupunun indiyə qədərki fəaliyyətinin nəzərdən keçirilməsi və onun daha da aktivləşdirilməsi ola bilər.
Strateji müttəfiqlik çərçivəsində ABŞ-Azərbaycan münasibətlərinin bir sıra mühüm istiqamətlər üzrə genişləndirilməsi gündəmdədir. Buraya ABŞ-nin Azərbaycana hərbi dəstək məsələləri, siyasi və iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik, hərbi sahədə qarşılıqlı əlaqələr daxildir. Xüsusilə süni intellekt sahəsində birgə layihələrin və texnoloji əməkdaşlığın müzakirəsi real görünür. Donald Tramp administrasiyasının siyasi üslubunda vitse-prezidentlik institutu prezidentin strateji xəttinin, prioritetlərinin və mesajlarının əsas daşıyıcısıdır.
Bu baxımdan, vitse-prezident səviyyəsində həyata keçirilən səfər ABŞ-nin Azərbaycanla münasibətləri yeni mərhələyə keçirmək niyyətinin açıq ifadəsi kimi qəbul oluna bilər.