Avropa İttifaqı (Aİ) ikinci rübdə Ukraynaya 90 milyard avro kredit verməyi planlaşdırır.
Turkustan.az xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyinə İqtisadiyyat üzrə Avropa Komissarı Valdis Dombrovskis bildirib.
O qeyd edib ki, Macarıstandakı seçkilərin nəticələri onlara bu il və gələn il üçün Ukraynaya 90 milyard avroluq dəstək proqramını reallaşdırmağa imkan verir: “Ukraynaya verdiyimiz kreditin ilk hissəsinin bu ilin ikinci rübündə, yəni iyun ayının sonuna qədər həmin ölkəyə köçürülməsini hədəfləyirik”.
Qeyd edək ki, nəzərdə tutulan bu kredit yardımı 2025-ci ilin sonunda Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın qərara qarşı çıxması nəticəsində dondurulmuşdu. Viktor Orbanın seçkilərdəki məğlubiyyəti və Peter Maqyarın hakimiyyətə gəlməsi ilə Brüssel bu vəsaitlərin tez bir zamanda ayrılmasına ümid edir.
Bu gün Avropa İttifaqı rəsmiləri Budapeştdə Macarıstanın yeni Baş nazirinin komandası ilə ilkin görüşdə iştirak edəcəklər.
V.Dombrovskisin sözlərinə görə, 90 milyard avroluq kredit Ukraynanın maliyyə ehtiyaclarının üçdə ikisini ödəmək üçün nəzərdə tutulub:
“Digər tərəfdaşların dəstəyi sayəsində Ukraynanın bütün maliyyə ehtiyaclarını ödəmək qabiliyyətimizə tam əmin ola bilərik”. /bakivaxti.az/az