Çində atom elektrik stansiyalarının (AES) ümumi quraşdırılmış gücü 125 milyon kVt təşkil edib ki, bu da ölkəyə göstərici üzrə dünya reytinqində birinci yeri tutmağa imkan verib.
Turkustan.az xəbər verir ki, bu məlumatlar Çin Nüvə Enerjisi Assosiasiyası tərəfindən hazırlanan və açıqlanan "2026-cı il üçün Çinin nüvə enerjisinin inkişafı haqqında hesabat"da yer alıb.
Sənəddən məlum olur ki, Çin ərazisində kommersiya istismarı rejimində AES-lərin 60 enerji bloku fəaliyyət göstərir. Bundan əlavə, 36 enerji bloku tikinti mərhələsindədir - bu, planetdə inşa edilən bütün nüvə reaktorlarının yarısından çoxunu təşkil edir. Daha 16 enerji bloku artıq dövlət tərəfindən təsdiqlənmə prosedurundan keçib və tikinti işlərinin başlanmasını gözləyir.
Hesabatda qeyd olunub ki, 2026-cı ildə Çin iki yeni enerji blokunun inşasına başlayıb və cari ilin sonunadək yeddi qurğunu istismara vermək niyyətindədir. /bakivaxti.az/