Rusiya Azərbaycan münasibətlərində 2026-cı ildə də müsbətə doğru dəyişiklik gözləmirəm. Əlbəttə, təmaslar, ticarət və ortaq iqtisadi layihələrin müzakirəsi davam edəcək, ancaq siyasi ab-hava dəyişməyəcək. Söhbət yalnız mülki təyyarəmizin raketlə vurulmasına görə gərginləşən münasibətlərdən getmir. Cənubi Qafqazda geosiyasi durum dəyişib, Azərbaycan Rusiyanın bölgəyə təsir imkanlarını azaltmağa çalışır, Ermənistan hökuməti də eyni yola üstünlük verir. Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi işğalçı müharibə bu prosesi daha da sürətləndirib.
Turkustan.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
O, Ermənistanda da Baş nazir Nikol Paşinyanın partiyasının seçkilərdə qalib gəlmək ehtimalını yüksək qiymətləndirib:
“2026-cı ildə Ermənistanda terror və hərbi çevriliş baş verməsə, Nikol Paşinyanın lideri olduğu partiyanın yenidən parlament seçkisində qələbə çalmaq ehtimalı yüksəkdir. Seçkidən sonra yeni Konstitusiyanın qəbulu Azərbaycanla sülh sazişinin imzalanmasına şərait yaradacaq, üstəgəl “Tramp yolunun” tikintisinə də başlanacaq. Yolun Donald Trampın ABŞ-da Prezidentlik müddətinin bitməsinə qədər işə düşməsində fayda var.
Vaxtilə Cənubi Qafqaz ölkələrindən Gürcüstan Qərblə daha sıx əlaqələr qurmuş, Rusiyadan uzaqlaşmışdı. İndi isə tərsindədir, Azərbaycan və Ermənistan Rusiyadan məsafə saxlayaraq, Qərbin siyasi, iqtisadi və təhlükəsizlik institutlarıyla sıx əməkdaşlığa çalışır, Gürcüstan isə əksinə bu qurumlardan uzaqlaşaraq Rusiyanın gizli tərəfdaşına çevrilməkdədir. Halbuki, Gürcüstan hökuməti Rusiya ilə diplomatik münasibətləri bərpa etməyib. Ancaq bu üzdə olan siyasətdir, alt qatda Gürcüstan hökuməti Moskva ilə münasibətlərdə tərs düşəcək addımlar atmır və bu siyasət Kremli məmnun edir. Bu əsas pullarını Rusiyada qazanan gürcü oliqarx Bidzina İvanişvilinin hökumətə nəzarət etdiyi dövrə qədər davam edəcək.
2026-cı ildə Azərbaycanla İran arasındakı münasibətlər bu il olduğu kimi ikili xarakter daşıyacaq. İran Prezidenti Məsdu Pezeşkianın Azərbaycanla tərəfdaşlığa üstünlük verməsiylə yanaşı, qonşu ölkənin mühafizəkar dairələrinin anti-Azərbaycan siyasətində dəyişiklik olmayacaq. Halbuki, mühafizəkarları ölkədə ağırlaşan sosial problemlər və gələn il İsrailin növbəti dəfə İrana hücumunun qarşısını necə alacağı düşündürməlidir. Qonşuluğumuzda müharibə ehtimalı yüksəkdir”. /axar.az/