"Mən Azərbaycan dilinin aşiqiyəm"


Bu yaxınlarda milli televiziya kanallarında Azərbaycan respublikasının xalq artisti Faiq Ağayevin doğum gününə həsr olunmuş maraqlı bir verilişdə qonaq qismində iştirak edən sənətçi aparıcının suallarına cavab olaraq çox gözəl müsahibə verib. Həmin müsahibədən ən maraqlı məqamları sizlərə olduğu kimi təqdim edirik:

Mən Azərbaycan dilinin aşiqiyəm. Bizim dil qədər zəngin və gözəl bir dil yoxdur. Bizim danışığımızın özü musiqi üzərində qurulub və bu gözəl dili niyə təbliğ etməyəsən? Niyə gözəl danışmayasan? Məsələn: İki azərbaycanlı görüşür və bir-birinə "abi" deyir, "brat" deyirlər. Qardaş deyən yoxdur. Filankəsin xasiyyətində filan şeylər yansıyıb. Niyə yansıyıb deyəsən axı? Əks olunub denən də. Özgüvən deyirik? Özünəinam niyə deməyək axı?

Deməli, Türkiyədə Dövlət Dil Qurumu var. Onun rəhbər şəxslərindən birisi ilə təxminən 9 il bundan qabaq Bakıda keçirilən bir tədbirdə görüşdüm. Ona da məni məhz belə təqdim etdilər: Azərbaycan dilinə aşiqdir və çox gözəl Azərbaycan dilində danışır. Yaşlı ahıl bir insan idi. Dedi ki, yavrum bax biz anahtar diyoruz, siz isə açar deyirsiniz: açıyor ya. Sizin Azəri diliniz asıl türk dilidir.Yəni türk dilinin kökü təmiz və saf Azərbaycan dilidir!

Tahirə Nur


MANŞET XƏBƏRLƏRİ