Azərbaycanda dəfn qaydaları: “Deyir ki, məni dik basdırın...”


Cəmiyyətdə dəfn və yas mərasimlərinin hansı qaydalarla icra olunması, fərqli dini və dünyəvi baxışlara sahib insanların son istəklərinin nə dərəcədə nəzərə alına bilməsi vaxtaşırı müzakirə mövzusuna çevrilir. Xüsusilə özünü ateist, deist və ya aqnostik hesab edən şəxslərin dəfn forması, dini ritualların icbari olub-olmaması ilə bağlı suallar ictimai maraq doğurur.

Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri “Yeni Sabah”a açıqlamasında həm dini yanaşmanı, həm də mövcud qanunvericilik və ənənələr çərçivəsində formalaşan praktikaları dəyərləndirib.

O, qeyd edib ki, bizdə vəfat edən hər bir şəxs müəyyən qaydalar çərçivəsində dəfn olunur:

“Dünyanın müxtəlif ölkələrində bu kimi hallar ölkənin qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Bu gün kimsə özünü ateist, deist və ya aqnostik sayırsa, hərəsinin özünəməxsus məqsədləri və istəkləri ola bilər. Biri deyər ki, məni dik basdırın, biri deyər yandırın və ya filan yerdə dəfn edin. Lakin biz də vəfat edən hər bir şəxs müəyyən qaydalara uyğun dəfn edilir. Bütün bunlar dövlətin tənzimlədiyi qanunlara uyğun formada həyata keçirilir. Həmçinin İslam dinində bu proseslərlə bağlı konkret qadağalar yoxdur”.

İlahiyyatçı qeyd edib ki, fərqli dünyagörüşünə sahib insanların müxtəlif istəkləri ola bilər və bu, təbiidir:

“Bizim dinimiz insanın diriliyi ilə maraqlanır. Ölümü, basdırılması, üstündə hansı adın yazılması kimi proseslərlə məşğul olmur. İslam dini bizə yaşayarkən yol göstərir. Bizdə isə əksinə olaraq, dəfn, yas, ölü kimi misallarla uyğunlaşdırılıb təqdim edildiyi üçün daha çox bu istiqamətdə tanınır. Buradakı problem ondan qaynaqlanır. Bu gün kimsə deyə bilər ki, yasımda fil ətindən ehsan verin. Kimdir bu deyimlərə əhəmiyyət verən? Dövlət bu gün ehsanı qadağan edirsə, onu etməməlisən. Din məsələsi bu proseslə bağlı heç nə demir. O yalnız bizim həyat yolumuzu istiqamətləndirir”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa isə bildirib ki, hər bir insan ənənəyə uyğun formada dəfn edilir:

“Azərbaycanda fərqli inanclara sahib olan insanlar var. Əsasən hər kəs ənənəyə uyğun olaraq dəfn edilir. Bəziləri öz inanclarına uyğun olaraq bildirir ki, onu yandırıb külünü dəfn etsinlər. Lakin bizdə belə bir mexanizm yoxdur. Dini inancları fərqli olan insanlar var ki, onlar üçün xüsusi mərasimlər təşkil oluna bilər”.

Deputat vurğulayıb ki, dəfn və yas mərasimlərinin detalları əsasən mərhumun yaxınlarının qərarına bağlıdır:

“Düşünürəm ki, bu prosesi ənənəyə uyğun olaraq davam etdirmək lazımdır. Burada yeni bir qayda yaratmaq olmaz. Biz qaydanı ancaq qəbristanlıqlara və onların standartları kimi məsələlərə tətbiq edə bilərik ki, cəmiyyət üçün nizamlı xarakter daşıyan məzmun formalaşsın. Dəfn qaydaları da vəfat edən şəxsin qohumlarının fikirlərinə uyğun olaraq təyin edilir. Kimsə yasında mollanın iştirak etməsini istəmirsə, bu da onun təbii haqqıdır. Bu cür məsələlərdə insanlara xüsusi göstəriş verə bilmərik. Özləri öz qaydaları ilə hər şeyi tənzimləyəcəklər”.


MANŞET XƏBƏRLƏRİ