Fazil Mustafa: “Şuşa bəyannəməsi Türkiyə-Azərbaycan qardaşlığının zirvə nöqtəsidir”


"Dörd il öncə, 2021-ci ilin iyunun 15-də qədim Azərbaycan şəhərində- Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan tarixi Şuşa Bəyannaməsi Azərbaycan tarixinin ən mühüm səhifəllərindən biridir. Bu, Qars müqaviləsindən sonra tarixi və həyati əhəmiyyət daşıyan bir sənəd idi. Qars müqaviləsindən yüz il sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Şuşa Bəyannaməsi 44 günlük müharibədən sonra regionda yeni geosiyasi reallıqlar çərçivəsində Azərbaycanın formalaşdırdığı regional təhlükəsizlik sisteminin ən önəmli hissəsidir".

Bu fikirləri Şuşa bəyannəməsinn 4-cü ildönümü ərəfəsində Böyük Qurtuluş Partiyasının başqanı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.

Partiya rəhbəri qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycanın təhlükəsizliyi baxımından yeni dövrün başlanğıcı sayıla bilər. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman Türkiyə ən çətin şərtlərdə bizə necə dəstək vermişdisə, bu gün də öz təsirini regionda daha çox göstərməyə başlayıb. Qarşılıqlı olaraq Azərbaycanın və Türkiyənın təhlükəsizliyinə təminat verən bu sənədi yeni bir dövrün başlanğıcı hesab etmək olar.

Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyə qardaşlığının daha da möhkəmləndiyini vurğulayan deputat deyib: “Bu sənəddən öncə müxtəlif sahələrdə əməkdaşlıq olsa da, Türkiyə-Azərbaycan əlaqələri Bəyannamə ilə real məzmun kəsb etməyə başladı. Şuşa Bəyannaməsi təkcə qardaşlığımızın bir nümunəsi deyil, həm də bölgənin yenidən dizayn olunması üçün qarşımıza çıxan fürsətdir ki, bunu da özümüz yaratmışıq. İşğaldan azad olunan ərazilərdə qurulan infrastruktur və investisiya layihələrində Türkiyə şirkətlərinin önəmli rol alması həm də bizim qardaşlarımıza olan münasibətimizdir. Bu amil onunla izah olunur ki, bizim Türkiyədən başqa modelimiz yoxdur. Biz bundan sonra da birlikdə güclənəcək, eyni zamanda, Şuşa Bəyannaməsinin müddəalarının hamısını da tətbiq edərək qarşımızda olan problemləri birlikdə həll edəcəyik".

Deputat qeyd edib ki, hələ də bölgədə ABŞ, Rusiya, Fransa, İran kimi dövlətlər tərəfindən regionun yeni bir dizaynı haqqında düşünüldüyü, hansısa erməni dirçəlişi, revanşı mövzularının gündəmə gətirildiyini deyib:

“Belə bir şəraitdə ən böyük hadisə bu bəyannamənin imzalanması ilə baş verdi. Əsas müddəa Türkiyənin hər hansı bir şəkildə Azərbaycana qarşı hərbi müdaxilə addımları olarsa birbaşa müdaxilə edəcəyi barədə bəyanatda bəndin yer almasıdır. Və bu bəyannamə hamını qəti əmin etdi ki, Azərbaycan üzərindən hər hansı layihələr həyata keçirmək mümkün olmayacaq. Bəyannamə Azərbaycan və Türkiyəyə o imkanı tanıdı ki, bir-birinə olan hər bir müdaxilədə bir başa iştirak edib, bir -birini dəstəkləsinlər. Şuşa Bəyannaməsinin əsas mahiyyəti bu idi və qardaşlığımızın zirvə nöqtəsi idi. Bu, bilavasitə dünyaya verilən o mesaj idi ki, istənilən halda kimsə Azərbaycanı tək görməyəcək. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir".

Bəyannamənin tətbiqinə gəlincə, Millət vəkili xatırladır ki, ötən dörd il ərzində Türkiyə və Azərbaycan institusional şəkildə inteqrasiya prosesini davam etdiriblər: "Burada həm dövlət qurumları arasında koordinasiyalı fəaliyyəti, həm də regionun digər ölkələri ilə nəqliyyat dəhlizlərinin koordinatlarının işlənib hazırlanmasını qeyd etmək olar".

Deputat qeyd edib ki, Cənubi Qafqaz, Mərkəzi Asiya regionunda baş verən dinamik hadisələrdə Türkiyə-Azərbaycan tandeminin rolu yüksəlməkdədir. "Kommunikasiyaların geniişlənməsi, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə - Azərbaycan yaxınlaşması daha da sürətlənəcək. Bununla yanaşı xarici siyasətdə, hərbi quruculuq sahəsində hər iki qardaş ölkə ötən müddət ərizində Şuşa bəyannəmsinin ruhuna uyğun olaraq koordinasiyalı şəkildə çıxış edirlər".


MANŞET XƏBƏRLƏRİ