İrandan Ankaranı qəzəbləndirən addım: Türkiyə müharibəyə qoşula bilər? – ŞƏRH


ABŞ–İsrail–İran xəttində davam edən müharibənin təsirləri Türkiyə sərhədlərinə qədər uzanıb.

İrana məxsus olduğu deyilən bir raket Türkiyənin Hatay vilayətinə düşüb. Hadisədən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçi ilə telefon danışığı apararaq Ankaranın narahatlığını çatdırıb. Fidan Türkiyə ərazisinə düşən raketlə bağlı izahat tələb edib və bu cür insidentlərin təkrarlanmamasının vacibliyini vurğulayaraq rəsmi xəbərdarlıq edib.

Məlumatların dəqiqliyi və raketin hansı şəraitdə sərhədi keçdiyi hələlik tam aydın deyil. Bunun texniki nasazlıq, hədəf sapması, yoxsa məqsədli mesaj olduğu sual altındadır.

Hadisə Türkiyənin münaqişəyə birbaşa cəlb olunub-olunmayacağı ilə bağlı müzakirələri gücləndirib. Rəsmi Ankaranın atacağı addımlar və diplomatik təmasların nəticəsi qarşıdakı günlərdə regiondakı vəziyyətə ciddi təsir göstərə bilər. Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.

Samir Hümbətov

İranın mövqeyi ondan ibarətdir ki, əgər əsas tərəfdən – yəni Amerika Birləşmiş Ştatlarından – ona qarşı hər hansı təhdid olarsa, ABŞ-ın regiondakı maraqlarını və obyektlərini hədəf ala bilər. Bu yanaşma xüsusilə Yaxın Şərqdə gərginliyin daha da artması riskini gücləndirir.

Türkiyə isə rəsmi olaraq bəyan edib ki, onun ərazisindən İrana qarşı heç bir təhdid olmayacaq və eyni şəkildə İranın da Türkiyəyə qarşı addım atmamasını gözləyir. Ankara münaqişəyə birbaşa qoşulmaq niyyətində olmadığını göstərməyə çalışır və balanslı mövqe saxlamağa üstünlük verir.

Region ölkələri arasında mümkün qarşıdurma ehtimalı müzakirə olunsa da, Türkiyənin müharibəyə cəlb olunması real ssenari kimi görünmür. Əksinə, Ankara həm ABŞ, həm də İranla münasibətlərində diplomatik xətti qorumağa çalışır.

Bununla belə, əgər İranın regiondakı nüfuzu ciddi zərbə alarsa və ya onun hərbi-strateji potensialı zəiflədilərsə, Türkiyə məsələyə daha ehtiyatlı və səssiz yanaşa bilər. Hazırkı mərhələdə isə Türkiyənin prioriteti münaqişənin öz sərhədlərinə keçməsinin qarşısını almaq və təhlükəsizlik balansını qorumaqdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ