Paşinyan referenduma niyə getmir? - AÇIQLAMA


"Əgər Ermənistan tərəfi 2026-cı ilədək referendum keçirməsə, Konstitusiyanı dəyişdirməsə, sülh müqaviləsi də olmayacaq".

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi birmənalı deyir ki, Konstitusiya dəyişikliyi və referendum məsələsi 2027-ci ildə baş tuta bilər:

"Yəni 2026-cı ildə keçiriləcək parlament seçkilərində Nikol Paşinyan hakimiyyətini qoruyub saxlaya bilsə, referenduma gedəcək və Konstitusiyanı dəyişdirəcək. Bundan sonra sülh müqaviləsinin imzalanması mümkün olar”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan üçün indiki dövrdə tələm-tələsik sülh sazişinə imza atmaq o qədər də maraqlı deyil. Hazırda yarımçıq sülhün imzalanmasında tələsən məhz Paşinyandır:

“Baş nazir çalışır ki, nəyin bahasına olur-olsun sülh müqaviləsinə imza atsın və 2026-cı ildə daxili auditoriyaya bəyan etsin ki, o, Azərbaycanla sülh bağladı. Bununla əlini gücləndirmək istəyir. Lakin dəfələrlə vurğulanıb ki, indi imzalanacaq sülh sənədi Ermənistan Konstitusiyasına zidd olacaq və sadəcə Paşinyanın siyasi və marginal maraqlarına xidmət edəcək. Təbii ki, Azərbaycan buna getməyəcək”.

Məhəmməd Əsədullazadə: Baş nazir çalışır ki, nəyin bahasına olur-olsun sülh müqaviləsinə imza atsın və...

Politoloq hesab edir ki, Ermənistan istəsə bir aydan sonra da referendum keçirə bilər. Onun fikrincə, yubatmağın səbəbi odur ki, Paşinyan seçki ərəfəsində referenduma getmək istəmir:

“Ermənistan müxalifəti son dövrdə fəallaşıb. Onlar referendumu anti-təbliğat kimi dövriyyəyə buraxacaqlar və iddia edəcəklər ki, Paşinyan bir çox əraziləri Azərbaycana verəcək. Baş nazir bundan ehtiyatlanır və seçkiyə kimi referenduma getmək istəmir".


MANŞET XƏBƏRLƏRİ