Paşinyan Kremli inandırmaq istəyirdi ki... - AÇIQLAMA


"Ermənistanda seçkiqabağı proseslər başlayıb. İndiki gərginlik onunla bağlıdır ki, Ermənistanın daxilindəki bir çox qüvvələr Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqda iddialıdırlar".

Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, bu səhnədə iki vacib oyunçu var, onlardan biri Robert Köçəryan, digəri isə Serj Sərkisyandır:

"Problem ondadır ki, onların arasında da birlik yoxdur. Digər yandan ictimaiyyət arasında hər iki fiqurun nüfuzu aşağıdır. Hətta onların revanşist şüarları da nüfuzlarını aşağı salır. Onların dəstəyi çox zəifdir. İstisna olunmur ki, ikinci, daha doğrusu üçüncü oyunçu bəlkə də Azərbaycanda məhkəmə qarşısında mühakimə olunan Ruben Vardanyandır. Çünki bəziləri elə fikirləşirlər ki, Vardanyan özünü üçüncü qüvvə kimi təqdim etməklə Rusiyanın nüfuzunu, təsirini və təzyiqinin bərpasını təmin edə bilər”.

Müsahibimiz qeyd edib ki, burada bir neçə problem var:

“Birincisi, Vardanyan cinayətkardır və Azərbaycan qanunları qarşısında cavab verməlidir. Digər yandan, Ermənistanın rəhbərliyi və siyasi elitası Azərbaycanda mühakimə olunan oyunbazların geri qayıtmasını qətiyyən istəmir. Paşinyan hökuməti yaxşı başa düşür ki, bu halda Rusiya onlara "stavka" verməyi düşünə bilər. Paşinyanın 9 may paradında iştirakı məhz bu təhdidlərlə bağlı idi".

Tofiq Zülfüqarov: Ölkədəki anti-rus qüvvələr Paşinyanı tənqid edir, onun gizli Rusiya tərəfdarı olduğunu iddia edirlər

Zülfüqarovun sözlərinə görə, Paşinyan Kremli inandırmaq istəyirdi ki, hələ də Moskvanın hər bir təlimatını icra etməyə hazırdır:

"Onun qərbyönlü ritorikası bizi aldatmasın. Ermənistanla Rusiyanın iqtisadi əməkdaşlığı yüksək səviyyədədir. Üzdə bəzi problemlərin olduğu deyilsə də, Rusiyanın Ermənistandakı təhlükəsizlik və müdafiə infrastrukturu 1991-ci ildən bəri qüvvədədir. Sadəcə olaraq qərbyönlü ritorika nəticəsində Zvarnots hava limanının 20-25 hərbçisi, zabiti qabaq otaqlardan arxa otaqlara keçiblər. Onları erməni sərhədçiləri əvəzləyiblər. Dəyişən yeganə məsələ budur. Qərbyönlü ritorika bir növ oyun idi. Ölkədəki anti-rus qüvvələr Paşinyanı tənqid edir, onun gizli Rusiya tərəfdarı olduğunu iddia edirlər".


MANŞET XƏBƏRLƏRİ