Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, ölkəsinin NATO-nun Haaqa sammitində iştirak etməməsi Rusiyanın NATO-ya qarşı qələbəsi olacaq.
Turkustan.az xəbər verir ki, rəsmi danışıqlar üçün Almaniyaya səfər edən Ukrayna prezidenti Zelenski Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransında danışıb.
Berlində baş nazirin ofisində keçirilən mətbuat konfransında danışan Zelenski Merzin bu yaxınlarda Kiyevə gəldiyini xatırladıb və bunun Ukraynaya dəstək olduğunu bildirib.
Zelenski deyib ki, Rusiya ordusu Ukraynaya intensiv hava zərbələri endirməyə davam edir və müharibəni dayandırmaq üçün Moskvaya qarşı sanksiyalar artırılmalıdır.
Ukrayna prezidenti Almaniyanın da bu sanksiyalarla təzyiqin artırılmasını dəstəklədiyini qeyd edib.
Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağıraraq: "Rusiya atəşkəsə getmir. Düşünürəm ki, bu gün siyasi iradəyə və (ABŞ) Senatda bu paketi təsdiqləmək üçün səsverməyə mane olan heç nə yoxdur"-deyib.
İndiyə qədər Rusiyadan yalnız “köhnə ultimatumlar” eşitdiklərini qeyd edən Zelenski: “Ukrayna atəşkəs üçün heç bir ön şərtin olmamasına inanır”-deyə, əlavə edib.
Aytən Yaşar/ Turkustan.az