Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu iyunun 2-də İstanbulda keçiriləcək. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.
“Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti İstanbulda Ukraynaya böhranın aradan qaldırılmasına dair memorandumu təqdim etməyə hazırdır"-deyə, o bildirib.
Maraqlıdır görəsən, bu dəfə Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə təkbətək görüş keçirəcək? Ümumiyyətlə bu görüşdən atəşkəs gözləməyə dəyərmi? Turkustan.az olaraq bu sualımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.
Məhəmməd Əsədullazadə
Rusiya Ukrayna arasında danışıqların ikinci mərhələsi baş tutacaq və Rusiya tərəfi memorandum hazırlayıb. Düşünürəm ki, Rusiyanın tələbləri yenə də əvvəlki kimidir. 5 region Rusiyanın ərazisi kimi tanınmalıdır. Təbii ki, Ukrayna tərəfi bununla razılaşmayacaq. Humanitar məsələlərlə bağlı yenidən müəyyən razılaşma əldə oluna bilər. Amma hazırkı mərhələdə konkret olaraq yenə də müsbət irəlləyiş olmayacaq. Yenə Ukrayna tərəfi liderlərin görüşünü tələb edir. Amma Rusiya tərəfi qeyd edir ki, ilk növbədə nümuyəndə heyətləri müəyyən məsələlərdə razılaşdıqdan sonra liderlər görüşə bilər. Sadəcə olaraq Rusiya tərəfi bununla vaxt qazanır. Ukrayna tərəfinə ciddi silahlar verilərsə, Ukrayna cəbhədə təşəbbüsü ələ ala bilərsə, o zaman Rusiya güzəştlərə gedəcək. Amma biz görürük ki, cəbhədə Rusiya lokal da olsa irəlləyişlər əldə edir və bu da danışıqlar masasında Rusiyaya müəyyən psixoloji üstünlük verir. Məlum olduğu kimi, Rusiya Kurskdan Ukraynanı çıxardıb. Ona görə də yalnız öz şərtlərin diqtə edir. Düşünürəm ki, ikinci raundda da müsbət bir irəliləyiş olmayacaq. Bu danışıqlara vasitəçi olan ABŞ da artıq yorulub və görür ki, Rusiya daşı ətəyindən tökmür.
Aytən Yaşar/ Turkustan.az