Tündüyün Altında – Qurdun İzində


Bişkekdə keçirilən Dünya Xalqlarının Dastanları Festivalından qeydlər.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “Dünya Xalqlarının Dastanları” VIII Beynəlxalq Festival bu il xüsusi bir anlam daşıyırdı. Tədbir, böyük qırğız manasçısı Sayakbay Karalayevin 130 illik yubileyinə həsr edilmişdi. Festival təkcə mədəniyyətlərarası bir qovuşma nöqtəsi deyil, həm də türk xalqlarının ortaq yaddaşını dirçəldən bir mədəni hadisə idi. Elmi konfransda mən də “Türk epik təfəkküründə Qurd simvolu” adlı çıxışımla iştirak edirəm. Həmçinin Azərbaycandan Yazıçı, publisist Yunus Oğuz və tədqiqatçı alim, ozan Fəxrəddin Salim də iştirak edir.

Festivalın ilk günü zəngin və simvolik məqamlarla yadda qaldı. Tədbirdə 30-a yaxın ölkənin nümayəndəsi iştirak edir və Qırğızıstan öz qonaqpərvərliyi və təşkilatçılığı ilə doğrudan da yüksək səviyyə nümayiş etdirir. Mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi, dastan irsinin qloballaşan dünyada qorunması kimi dəyərlər bu tədbirin əsas məqsədləri sırasındadlr.

Açılış mərasimi qədim türklərin müqəddəs ayini olan “Tündük qaldırma” mərasimi ilə baş tutdu. Tündük – yurtanın günbəzi – dörd əsas istiqamətdən gəlmiş nümayəndələrin iştirakı ilə birlik rəmzi olaraq ucaldıldı. Bu ayin, dünyanın müxtəlif guşələrindən gəlmiş qonaqlar üçün dərin mənəvi təəssürat yaratdı və ortaq türk yaddaşının simvolik qovşağına çevrildi.

Daha sonra mədəni müxtəliflik paradı, “Qırğız köçü” etnoqrafik kəndinin rəsmi açılışı, xalq sənətləri və dekorativ-tətbiqi incəsənət sərgisi ilə proqram davam etdi. Hər xalq öz əl işlərini, naxışlarını, bəzək və geyimlərini təqdim edərək, öz köklərinə necə bağlı olduqlarını nümayiş etdirdi.

Xüsusi qeyd olunası məqamlardan biri isə qədim qırğız adətinə əsaslanan “Tuşoo kəsmə” mərasimi idi. Bu ayin uşağın ilk addımlarına həsr olunur və mərasim zamanı oğlan uşaqları, daha sonra qızlar və nəhayət qonaqlar arasında dostluq xarakterli qaçış yarışları keçirildi. Mən də bu yarışa qatıldım, hətta hədiyyə ilə təltif də olundum!

Tədbirin digər hissəsində iştirakçılar yurta şəraitində, ənənəvi qırğız üsulunda bardaş quraraq yemək yedilər. Bu sadə, lakin dərin mənəviyyat daşıyan məqam, mədəniyyəti yaşamaq üçün ən yaxşı yollardan biri idi.

Axşam saatlarında Manas adına Qırğız Milli Teatrında “Taytoru” tamaşasına, ardınca isə “Alatau” (qırğızlar Tanrı dağlarlna “Alatau” deyir) kino evində “Ağacın nəğməsi” adlı müasir qırğız filminə baxış keçirildi. Film məzmun və texniki baxımdan olduqca yüksək səviyyəli idi və Qırğızıstanda kino sənətinin yüksəlişə doğru inkişaf etdiyini açıq şəkildə göstərirdi.

Günün son akkordu isə ənənəvi qırğız axşam yeməyi oldu. Bütün bu zəngin proqram və dolğun təəssüratlar içərisində yuxusuzluq, uzun yol yorğunluğu unudulmuşdu.

Bu festival təkcə bir tədbir deyil, mədəniyyətin, ortaq köklərin və mənəvi dəyərlərin təntənəsi idi. Türk dastan düşüncəsinin simvolu olan qurd kimi, bu tədbir də bizə istiqamət göstərdi, yaddaşımızı oyatdı, bizi bir daha ortaq mədəni xəritəmizlə bağladı. Bu kimi tədbirlər bir daha sübut edir ki, keçmiş yalnız xatırlanacaq bir tarix deyil, eyni zamanda gələcəyə gedən yolumuzda işıq salan mənəvi mayakdır.

Şəmil Sadiq

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ