Azay Quliyev: Ermənilərin “1988-ci il taktikası” keçməyəcək


Azay Quliyev

Milli Məclisin deputatı

Bu gün BMT Təhlükəsizlik Şurası (TŞ) Ermənistanın “Qarabağda humanitar böhran”, “blokada” və ”soyqırım” kimi şantaj və böhtan xarakterli müraciəti əsasında növbədən kənar iclas keçirəcək. Olsun. Onsuz da hamı, o cümlədən TŞ üzvləri çox yaxşı bilirlər ki, Ermənistanın stəkanda qaldırdığı bu “fırtına”nın heç bir əsası yoxdur və Azərbaycanın həyata keçirdiyi siyasət və atdığı addımlar həm TŞ-nın 1993-cü ildə qəbul etdiyi məlum 4 qətnamələrinə, həm də beynəlxalq hüquqa tam uyğundur və ölkəmiz suveren ərazisində yaşayan ermənilərin humanitar, sosial, iqtisadi, hüquqi və təhlükəsizlik sahəsində olan ehtiyaclarını qarşılamağa hazır olduğunu dövlət başçısı səviyyəsində dəfələrlə bəyan edibdir.

Ona görə də TŞ-nın bugünkü iclası iki baxımdan təhlil olunmalı və dəyərləndirilməlidir:

1) Ermənistanın “humanitar böhran”, “blokada” və ”soyqırım” adı altında yürütdüyü təbliğata və siyasi manipulyasiyaya TŞ-nı alət etmək cəhdi kapitulyasiya acısını yaşayan bir ölkənin və bütövlükdə, erməni separatizminin Qarabağın reinteqrasiyası və Azərbaycanın bu ərazilərdə suverenliyinin tam bərpa olunması prosesinin qarşısını almaq istiqamətindəki son çabaları və son çırpntıları kimi qiymətləndirmək lazımdır. Bu zavallılar hələ də 1988-ci ilin taktikası ilə, yəni, dünya ictimaiyyətini aldatmaq yolu ilə nəyəsə nail olmnağa ümüd edirlər və bu səbəbdən bütün lobbi qruplarını, pulla ələ aldıqları mətbuat nümayəndələrini və Okampo kimi “beynəlxaq hüquq ekspertlərini” istifadə edərək ölkəmizə qarşı qarayaxma kampaniyasını genişləndiriblər. Ancaq Ermənistan rəhbərliyi və himayə etdikləri separatçılar da yaxşı bilir ki, nə zaman, nə Azərbaycan dövləti və xalqı, nə də Azərbaycan hakimiyyəti 1988-ci ildəki deyil. BMT TŞ-da nə müzakirə edirlərsə etsinlər, nə qərar verirlərsə versinlər, bunlar Azərbaycanı öz haqlı yolundan döndərə bilməz və çox keçmədən dövlətimiz Xankəndi və ətraf ərazilərdə öz suverenliyini və yurisdiksiyasını yenidən bərpa edəcəkdir. Bu prosesin ya dinc, ya da məcburetmə yolu ilə baş verməsi labüddür və qaçılmazdır. Bu yolun hansı birinin olması seçimini isə Ermənistan və Qarabağ erməniləri etməlidir.

2) Azərbaycanın suveren ərazisi ilə bağlı məsələnin Ermənistan tərəfindən müzakirəyə çıxarılması TŞ-nin üzvlərinin (xüsusilə, ABŞ, Böyük Britaniya və Çin kimi veto hüququ olan daimi üzvlərinin) beynəlxalq hüquqa və qəbul etdikləri qətnamələrə sadiqliyi baxımdan növbəti “imtahan”ı olacaqdır. Baxmayaraq ki, TŞ-nin daimi üzvləri beynəlxalq prinsip və dəyərlərin Azərbaycana tətbiqi məsələsi ilə bağlı verdikləri “imtahandan” hər zaman “kəsiliblər”. Digər tərəfdən, əgər, TŞ obyektivlikdən və beynəlxalq hüquqdan kənar hər hansı bir qərar qəbul edərsə, Azərbaycan bu qərarın qəbulunda iştirak edən ölkələrlə münasibətlərinə yenidən baxacaq. Bu isə regionun ən güclü və lider dövləti olaraq Azərbaycanla münasibətə, mövcud olan əməkdaşlığa və həmin ölkələrin geosiyasi və geoiqtisadi maraqlarına ciddi təsir edəcək.

Sonda isə onu da vurğulamaq istərdim ki, BMT TŞ bu ilin avqustun 2-nə kimi 2694 qətnamə qəbul edib və onların böyük əksəriyyətinin taleyi erməni silahlı birləşmələrinin tam, qeyd-şərtsiz və dərhal Azərbaycanın ərazilərindən, orijinal mətndə deyildiyi kimi, Azərbaycanın Dağlıq Qarabağ regionundan çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı məlum qətnamələrinin taleyi kimi olub, yəni icra edilməyib.

Azərbaycan BMT TŞ-nın bu qətnamələrini təkbaşına icra etsə də, qətnamələrdə əks olunan vacib bir müddəanın, “erməni silahlı birləşmələrinin tam olaraq Azərbaycandan çıxarılması” müddəasının icrasına hələlik, nail olmayıb. Bu baxımdan, əminəm ki, diplomatlarımız bugünkü iclasda bu məsələni bir daha TŞ-nin diqqətinə çatdıracaq və hər kəsə açıq mesaj verəcək ki, Azərbaycan qeyd olunan qətnamələrin yarımçıq qalan hissəsini yenə də, təkbaşına icra etməyə məcburdur və qərarlıdır. Bu da ölkəmizin bu istiqamətdə yaxın gələcəkdə atacağı legitim addımların ictimailəşdirilməsi baxımından çox əhəmiyyətlidir.


MANŞET XƏBƏRLƏRİ