Tehrandan “Hazırıq” siqnalı – İran-İsrail-ABŞ gərginliyi yenidən alovlanır? - ŞƏRH


Yaxın Şərq yenidən gərginliyin episentrinə çevrilir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayinin son açıqlaması bölgədə hərbi qarşıdurma ehtimallarını bir daha gündəmə gətirib.

Rəsmi Tehran silahlı qüvvələrinin ölkənin suverenliyini və təhlükəsizliyini təhdid edən istənilən hücuma qarşı "tam hazırlıq vəziyyətində" olduğunu bəyan edib.

Bu sərt mövqe, İranın iyun ayında ABŞ və İsrailin ehtimal edilən hücum planlarına qarşı göstərdiyi cavab tədbirlərinin davamı kimi qiymətləndirilir. Tehranın mesajı açıqdır: bölgədə hər hansı təxribat və ya birbaşa hücum İran tərəfindən sərt cavabla qarşılanacaq.

Maraqlıdır görəsən, bu İran–İsrail–ABŞ üçbucağında yeni qarşıdurmanın siqnalı sayıla bilərmi? Bu sualı Turkustan.az olaraq politoloq Tural İsmayılova ünvanladıq.

Azərbaycan ordusu öz gücünü bütün dünyaya sübut etdi - Tural İsmayılov  (ÖZƏL) - TurkicWorld

Tural İsmayılov

İranın “silahlı hücuma qarşı səfərbər olmuşuq” açıqlaması, əslində, regionda gərginliyin yenidən artdığını göstərir. Bu, təkcə hərbi mesaj deyil, həm də siyasi siqnaldır — xüsusilə İsrail və ABŞ-a ünvanlanıb. Hazırda Yaxın Şərqdə vəziyyət bir qığılcımla alova çevrilə biləcək qədər həssasdır.

İsrailin İranın hərbi obyektlərinə mümkün zərbə planları uzun müddətdir gündəmdədir. Lakin bu dəfə Tehran susmaq niyyətində deyil. İran daxilindəki ictimai narazılıqlar və iqtisadi təzyiqlər fonunda xarici təhlükə ritorikasının gücləndirilməsi də diqqətdən qaçmamalıdır. Bu yanaşma həm milli birliyi möhkəmləndirmək, həm də Qərbə qarşı "müqavimət xətti"ni gücləndirmək məqsədi daşıyır.

ABŞ administrasiyası üçün əsas məsələ isə İsrailin hərbi addımlarının regiondakı strateji maraqlara zərbə vurub-vurmayacağıdır. Vaşinqton bir tərəfdən İsrailin təhlükəsizliyinə təminat verir, digər tərəfdən isə İranla açıq müharibədən yayınmağa çalışır.

Əgər qarşıdurma kəskinləşsə, bu, təkcə İsrail və İranı deyil, bütün bölgəni — o cümlədən Fars körfəzi, Suriya və Livanı da əhatə edəcək. Belə bir ssenari enerji bazarlarını silkələyə və qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər.

Yəni bu, lokal toqquşma deyil, potensial qlobal böhranın başlanğıcı ola bilər. İranın “səfərbərlik” ritorikası əslində qarşı tərəflərə xəbərdarlıqdır: bu dəfə cavab daha sərt olacaq.

Bununla yanaşı, ABŞ və İsrailin siyasi kalkulyasiyalarında “məhdud zərbə – maksimum təzyiq” modeli də istisna edilmir. Nəticə etibarilə, regionda yenidən soyuq müharibə ab-havası hökm sürür və atılacaq hər səhv addım böyükmiqyaslı müharibəyə çevrilə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ