Elçin Mirzəbəyli
Milli Məclisin deputatı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfər edib. Bu səfər təkcə regional proseslər baxımından deyil, həm də Azərbaycanın beynəlxalq siyasətdə artan nüfuzunun və qlobal dialoq məkanında etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz göstəricisidir.
Azərbaycanın dövlət başçısının ABŞ və Misir liderlərinin şəxsi dəvəti ilə belə bir yüksək səviyyəli toplantıya qatılması ölkəmizin beynəlxalq arenada oynadığı rola verilən yüksək qiymətin təzahürüdür. Yaxın Şərqdə sülhün və sabitliyin bərpasına yönələn bu sammit, əslində, dünyanın diqqət mərkəzində olan bir prosesin diplomatik zirvəsidir. Prezident İlham Əliyevin həmin platformada iştirakı isə Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəminə beynəlxalq miqyasda da önəm verildiyini təsdiqləyir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil qərar verən, öz maraqlarını qətiyyətlə müdafiə edən və eyni zamanda qlobal sülhün təmininə töhfə verən dövlət kimi tanınır. Məhz bu mövqeyin nəticəsidir ki, Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə və bütövlükdə Avrasiya məkanında da strateji tərəfdaş, etibarlı dost və rasional vasitəçi kimi qəbul olunur.
Prezident İlham Əliyevin sülh təşəbbüsləri, xüsusilə regionda dayanıqlı sabitliyin bərpasına yönəlmiş ardıcıl siyasəti beynəlxalq miqyasda nümunə kimi dəyərləndirilir. Ermənistanla Azərbaycan arasında 2025-ci ilin sentyabrında Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə əldə olunmuş razılaşmalar da bu siyasətin məntiqi nəticəsidir. Həmin razılaşmalar uzun illər davam edən qarşıdurmaya son qoymaqla regionda real sülhün təməlini qoydu və Qafqazda yeni siyasi arxitekturanın formalaşmasına şərait yaratdı.
Azərbaycanın sülh gündəliyi artıq regional çərçivəni aşaraq beynəlxalq miqyasda dəstək qazanıb. Prezident İlham Əliyevin BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində irəli sürdüyü humanitar və təhlükəsizlik təşəbbüsləri onun qlobal diplomatiyada konstruktiv, məsuliyyətli lider obrazını daha da möhkəmləndirib. Bu baxımdan, Yaxın Şərq Sülh Sammiti Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, həmçinin qlobal təhlükəsizlik sistemində fəal iştirakının təbii davamıdır.
Misirdə keçirilən sammitdə iştirak Azərbaycanın həm İslam dünyası, həm də Qərb siyasi mərkəzləri ilə əlaqələrinin qarşılıqlı etimada əsaslanan yeni mərhələyə qədəm qoyduğunu da göstərir. Azərbaycan bu gün müxtəlif siyasi bloklar arasında körpü rolunu oynayır, qarşılıqlı anlaşma, dialoq və əməkdaşlıq məkanının formalaşmasına real töhfə verir.
Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun və diplomatik çəkisinin artdığını təsdiqləyən mühüm hadisədir. Bu iştirak həm Azərbaycanın müstəqil siyasətinin nəticəsidir, həm də onun sülh və sabitlik missiyasının beynəlxalq miqyasda qəbul olunduğunun göstəricisidir.