Prezident İlham Əliyev Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Turkustan.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyindəki Qaradağ Sənaye Parkının rezidenti - "Bakı Gəmiqayırma Zavodu" MMC üçün vergi-gömrük güzəştlərinin müddəti artırılıb.
Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidentinə münasibətdə Vergi Məcəlləsi ilə tətbiq olunan güzəşt və azadolmalar (mənfəət, əmlak və torpaq vergisindən azadolma) 6 il müddəti (2030-cu ilin 31 dekabr tarixinədək) əhatə edəcək.
Eyni zamanda Qaradağ Sənaye Parkının gəmiqayırma fəaliyyəti ilə məşğul olan rezidenti olaraq Zavodun fəaliyyəti üçün malların idxalına tətbiq olunan gömrük rüsumunun ödənilməsindən azadolma müddəti “Gömrük tarifi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən 2030-cu ilədək uzadılıb.