Zəmanəsinin və zəmanəmizin böyük şairi Məhəmməd


Kamal Camalov,

Pedaqogika elmləri doktoru, professor

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Naxçıvan Müəllimlər İnstitutu

Açıklama yok.

(əvvəli BU LİNKDƏ)

(Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə)

“Ağlı olan insana biliklər hazır formada verilmir”. Böyük təfəkkür sahibi Füzuli yaradıcılığı boyu xalqımızın ən nəcib duyğularını, yüksək və humanist əməllərini tərənnüm edən əvəzolunmaz bir sənətkar, böyük bir insan olmuşdur. “Şair zaman-zaman oxunduqca həyat nəfəsli sətirləri insanı arif olub ömrün mənasını dərk etməyə, gözəlliyi duyub yaşamağa, dünya nemətlərindən həzz almağa çağırmışdır”. Bu mənada, pedaqoji fikrin fəxri olan dahi şair Füzulinin ədəbi-pedaqoji irsi “alman, ingilis, rus və fransız dillərinə” tərcümə edilmişdir. Düzdür “Gibbdən sonra gələn Avropa tədqiqatçıları Füzuli əsərlərini öyrənmək işinə əhəmiyyətli bir yenilik gətirə bilməsə də” alman Şərqşünası Hammer Purqştall (“Leyli və Məcnun” poemasından Leylinin buludlarla söhbətindən bir parçanı və “Bəngü Badə” əsərindən parçaları məsnəvi şəklində tərcümə etmişdir), ingilis Şərqşünas alim Gibb də Füzulinin “Leyli və Məcnun”, “Bəngü Badə” əsərlərindən parçalar tərcümə etmişdir. “Gibb, həmçinin Füzulinin “Dustum, aləm səninçün gər olur düşmən mana” misrası ilə başlanan qəzəlini də ingilis dilinə tərcümə etmişdir”. Edmond Faze və Əbdülhəmid Məmduh, V.Minorski kimi şərqşünaslar Füzuli yaradıcılığına biganə qala bilməmiş, əsərlərindən tərcümələr etmişlər. Göründüyü kimi, “M.Füzuli dünya ədəbiyyatşünaslarını özünün ecazkar

təfəkkürü, ölməz sənət nümunələri ilə heyrətə gətirmiş, onları məftun etmişdir”.

Yuxarıda qeyd etdik ki, Füzulu gahdan da musiqiçi kimi bəşər mədəniyyəti tarixində silinməz izlər buraxmışdır. Qədim dövrdən xalqımızın musiqi təfəkkürünün parlaq nümunəsi dahi Füzulinin əsərlərində də öz təsvir və tərənnümünü tapmışdır. Bildiyimiz kimi, musiqi sənəti əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülsədə ədəbiyyatla musiqinin qarşılıqlı əlaqəsi mühüm məna kəsb edir. Şairlə bəstəkarın yaradıcılıq zəhmətinin məhsulu olan mahnıları, eyni zamanda ədəbiyyatla musiqinin qarşılıqlı əlaqəsinin, sintezinin bədii nəticəsi kimi qiymətləndirənlər haqlıdırlar. Azərbaycan məktəb və pedaqoji fikir tarixinin ilk korifeyi sayılan Əhməd Seyidov Füzuli yaradıcılığını tədqiqə cəlb edərkən qeyd edir ki, Füzuli “nəğməni səma eyvanının kəməndi, xoş mahnını uca aləmin nərdivanı adlandırır”. Musiqinin inkişafında və təbliğində əvəzsiz xidmətləri olan,

“özünün zəngin şeir aləmini musiqi təranələri və sehrli ahəngləri ilə zinətləndirən Füzuli bəzən ustad musiqişünas kimi çıxış edir”. Füzulinin dərin kamal, ideal və möhtəşəm sənət xəzinəsi sayılan “Rindü Zahid” əsərində musiqinin mənəvi-estetik tərbiyə gücünü diqqət mərkəzinə gətirmişdir. Musiqini ruhun və təfəkkürün incise hesab edən və “türklər ədəbiyyatında “Ustadi-şüəra” ləqəbini alan” Məhəmməd Füzuli yazır ki, “nəğmə səma eyvanının kəməndidir. Xoşavazlar isə aləmin nərdivanıdır, ruha halın məbdəindən (məbdə – başlanğıcdan – K.C.) xəbər gətirir, onu cismani əlaqələrdən qurtarır. Onun məqamlarının hər şöbəsi bir sirr pərdəsidir və hər nəğməsi Allah dərgahına bir niyazdır. Bu ləzzətlərə meyl etmək idrak üçün xasiyyətidir. Saz nəğməsi və xoş səsin şərəfinə bu bəsdir ki, halsız və ürəyi sönmüş adamların canına ürəkyandıran eşq odu salır, qafilləri eşq dərdinin nəşəsindən xəbərdar edir.

Lətif səslər eşqin təhrikinə səbəbdir,

Xəbərsizlərə eşqin xəbəri saz ilə yetişir.

Eşq bir gizli sirdir, saz ilə aşkar olur.

Həqiqət budur ki, o, sirr saz pərdəsinin arxasındadır”.

Hər bir əsərini öz canı və qanı ilə suvaran M.Füzuli yazır ki, “İlahi, məsumƏhli-Beytin hörməti xatirinə yaşamağım üçün, rüsvalıq palçığı və peşmançılıq daşı ilə meydana gətirdiyim və onu suvamaq və zinətləndirmək üçün qanlar udduğum

bu bir neçə dağınıq beyti mənalar üzərində gündüzlər axşama qədər düşünüb onları bir araya gətirib, bir mənzumə yaza bilmək üçün gecələr sabaha qədər çalışan insanlar görüb oxusunlar... (İlahi, bu beytləri) şeirləri oxunduğu məclislərdə

məsxərəyə qoyulan, bir neçə zəif beyt yazıb, onu dilənçiliyə alət etməklə iftixar

edən və guya şeiri anladığını anlatmaq üçün sözün və mənaların incəliklərinə etiraz edən bir neçə insanın ayaqları altında əzdirmə”. Bu gün ariflərin könlündə yaşayan Füzulinin müxtəlif məzmunlu əsərlərində, qəzəl və şeirlərində estetik təsir imkanları Azərbaycanın korifey sənətkarları tərəfindən tərənnüm olunmuş və bu gün də tərənnüm olunmaqdadır. Hacı Hüsü, Məşədi İsi, Mirzə Məhəmməd Həsən, Cabbar Qaryağdıoğlu, Əbdül Həsən xan İqbal, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Mütəllim Mütəllimov, Sara Qədimova, Rübabə Muradova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Qulu Əsgərov, Mais Salmanov, Süleyman Ələsgərov, Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Ələsgər Abdullayev və digərləri toy-düyündə, ümumxalq şənliklərində, ağır-əziz məclislərdə Füzulinin “Can vermə qəmi-eşqə ki, eşq afəti candır”, “Nalədəndir ney kimi avazeyi-eşqim bülənd”, “Səfayi-vəsli-qədrin hicr ilə bimar olandan sor”, “Pərişan halın oldum, sormadın hali-pərişanım”, “Dün sayə saldı başimə bir sərvi-sərbülənd”, “Sərvi-azad qəddinlə mənə yeksan görünür, Nəyə sərgəştə olan baxsa xuraman görünür”, “Pənbeyi-daği-cünun içrə nihandır bədənim”, “Heyrət ey büt, surətin gördükdə lal eylər məni”, “Saqiya, cam tut ol aşiqə kim qayğuludur” və s. kimi qəzəllərini muğam və təsniflərdə sevə-sevə, duya-duya, ilhamla oxumuşlar. Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması neçə-neçə müğənninin səhnə sənətində, habelə muğam ifaçılığında kamilləşməsi yolunda bir məktəb,

yarış səhnəsi olmuşdur. Yaradıcılığı ümman dolu olan Məhəmməd Füzulinin pedaqoji ideya və görüşlərinə ulu öndər Heydər Əliyev belə dəyər vermişdir: “Biz bu gün də, gələcəkdə də öz həyatımızda, öz işimizdə Füzulinin yaratdığı mənəvi dəyərlərdən istifadə edərək xalqımızı xoşbəxt gələcəyə aparacağıq”. Sonda belə nəticəyə gəlirik:

1. Pedaqoji-psixoloji-fəlsəfi və ədəbi elmi irsin tükənməz sərvəti sayılan Məhəmməd Füzuli təlimin və təhsilin inkişafı ilə bağlı çağdaş dövrümüzə cavab verən ideyalar irəli sürmüşdür;

2. Özünü tanıyan Tanrısını da tanıyar – görüşündə olan Məhəmməd Füzuli “Hədiqətüs-süəda”, “Məslə ül-etiqad” və s. kimi dini əsərləri ilə Ulu Tanrını, Məhəmməd Peyğəmbəri, Həzrəti Əlini və onun övladları imam Həsən və imam Hüseyni mədh etmiş, onları humanist ideyalar carçısı adlandırmışdır;

3. Məhəmməd Füzulinin əxlaqi fəzilətlərə verdiyi yüksək qiymət bu gün də öz

təravətini itirməmişdir;

4. Yaradıcılığı ilə özünə yenilməz bir heykəl, abidə yaratmış Məhəmməd Füzuli haqlı olaraq deyir ki, insan şüuru ilə hər şeyə qalib gələcəkdir. Həqiqət olan hər bir şey imkan daxilində olan hər hansı bir şeydən daha əvvəldir;

5. Məhəmməd Füzulinin yaradıcılığı o qədər nəcib duyğular, yüksək və humanist əməllərlə doludur ki, Qərbi Avropa dillərinə tərcümə edilmişdir.

6. Nəğməni səma eyvanının kəməndi, xoş mahnını uca aləmin nərdivanı adlandıran Məhəmməd Füzulinin qəzəl və qəsidələri Azərbaycanın korifey sənətkarları tərəfindən bu gün də toy-düyündə, ümumxalq şənliklərində, ağır-əziz məclislərdə ifa olunmaqdadır.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


MANŞET XƏBƏRLƏRİ