“Özü 4-5 dəfə ərdə olub, erotik pozlar verir, amma TV-də ekspertlik edir”


Televiziyalarda yayımlanan sosial verilişlər tez-tez tənqid hədəfinə çevrilir. Bəziləri iddia edir ki, bu cür verilişlər insanların psixologiyasına pis təsir edir, dəvət olunan ekspertlər insanlara məsləhət verə biləcək səviyyədə deyil, həmin verilişlər yayımdan qaldırılmalıdır və s. Lakin maraqlı bir məqam var ki, sosial verilişlərin reytinqi hər zaman çox yüksək olur. Bu problemin səbəbi nədir? Tamaşaçı bəyənmədiyi verilişlərə niyə baxır?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış aparıcı Amil Xəlil verilişlərə dəvət olunan bəzi ekspertləri tənqid atəşinə tutub:

"Bəzən sosial verilişlərdə ekspert qismində əyləşənlər mövzuya, efirə çıxarılan şəxslərə etiraz edirlər. O, ekspertlərin biabırçılıqları, vallah, efirə çıxanlardan 35 dəfə çoxdur. Elə olub ki, mənə bir neçə nəfəri məsləhət görüblər, efirimə ekspert kimi çağırmışam. Sonra maraqlanmışam ki, həmin şəxsin həyat tərzi, yaşayışı "apar, tulla"dır.

Bəzi verilişlərdə elə ekspertlər var ki, özünün yataq, erotika pozları sosial şəbəkələri bəzəyir, 4-5 dəfə ərdə olub, amma gətirib ekspert kimi oturdublar.

Bizdə də belə hal yaşanıb, illərlə tanımadığım bir ekspert var idi, sonradan bilmişəm ki, nə qələtlər edib və efirdən uzaqlaşdırmışam".

Teleaparıcı bildirib ki, yerli telekanalları, oradakı layihələri tənqid edən kütlə xarici telekanallardakı biabırçı verilişləri bəh-bəhlə izləyir:

"İnsanların bizim verilişlərimizi tənqid edirlər, istəsələr biz sovet dövrünün televiziya formatına qayıda bilərik. Mənim ən böyük arzum Milli Məclisdə televiziyalarla bağlı söhbətin olmasıdır və istəyirəm ki, deputatların, sədrin qarşısında çıxış edim. Elə problemlər var ki, istəyirəm orada deyim. Çünki bizim əlimizdə kütlə az qalıb, vaxtında bu işə nəzarət edənlər 90-cı illərdə rüşvət alıb gətirib yad kanalları ölkəyə keçirtdilər. İndi camaat iki yol arasında qalıb. Ölkədə xarici telekanalların yayımını qadağa etsinlər, biz əmin olaq ki, Həsən, Abdulla gecə 12-də azyaşlı uşaqları ilə oturub 18+ seriallara baxmır, ondan sonra biz də onların dediyi formatda verilişlər hazırlayarıq, "biabırçı" adlandırdıqları mövzuları efirə çıxarmarıq.

Birdəfəlik bu camaat bilsin ki belə layihələrin betəri qonşu ölkələrdə var. Türkiyə kanalları, Rusiya kanalları canlı yayımda "öpüşmə" şouları göstərir və bizim camaat buna gülə-gülə baxır. Bizsə nə isə etdikdə ağız-burun əyən tamaşaçılar mütləq tapılır.

Biz də teleaparıcılar olaraq yetər artıq deyirik. Hər mövzuda veriliş hazırlayan yerli telekanallarımız var. Bəyənmirlərsə, çevirib Mədəniyyət kanalına baxsınlar, yaxud AzTV-ni izləsinlər, pult öz əllərindədir".


MANŞET XƏBƏRLƏRİ