Ukrayna Qara dənizdən kənarda da Rusiyaya qarşı hərbi əməliyyatlarını genişləndirərək Baltik və Aralıq dənizlərindəki Rusiya gəmilərini hədəfə alıb. Son hücumlar nəticəsində Liviya sahillərində Rusiyaya məxsus korvet batırılıb, yük gəmilərindən biri isə vurulub.
Turkustan.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında davam edən müharibə son aylarda Qara dənizi dünyanın ən təhlükəli bölgələrindən birinə çevirib. Lakin Ukrayna qüvvələrinin son əməliyyatları münaqişənin coğrafiyasının daha da genişləndiyini göstərir.
Ukraynanın daxili təhlükəsizlik xidməti olan SBU minlərlə kilometr uzaqlıqda yerləşən Rusiya hərbi və kommersiya gəmilərini hədəfə almağa başlayıb. Ukrayna qüvvələri şənbə günü Baltik dənizində, bazar günü isə Liviya sahillərində daha iki Rusiya gəmisinə hücum edib.
Şənbə günü Sankt-Peterburq limanından Kalininqrad vilayətinə doğru hərəkət edən Rusiya Müdafiə Nazirliyinə məxsus “Sparta-II” yük gəmisi Finlandiya körfəzindən beynəlxalq sulara çıxarkən Ukrayna dronlarının hücumuna məruz qalıb.
Hücum nəticəsində gəmidə yanğın baş verib. Heyət Finlandiya Sahil Mühafizəsinin əməkdaşları tərəfindən xilas edilib. Hava hücumundan bir neçə gün keçməsinə baxmayaraq, konteyner yükü daşıyan Rusiya gəmisi hələ də Finlandiyanın ərazi sularında üzür.
Aytən Yaşar/Turkustan.az