Yer kürəsinin ən dərin nöqtəsində təəccüblü bir kəşf


Alimlər Yer kürəsinin ən dərin nöqtəsi olan Mariana çökəkliyində gözlənilməz kəşf ediblər. Bölgəni araşdıran robot sualtı qayıq böyük su təzyiqinə baxmayaraq vulkanik fəaliyyətin izlərini aşkar edib.

Turkustan.az xəbər verir ki, tədqiqatçılar indiyədək dünyanın ən dərin nöqtəsi hesab edilən Çellencer dərinliyindəki yüksək təzyiq səbəbindən vulkanik fəaliyyətin mümkün olmadığını düşünürdülər.

Lakin Mariana çökəkliyinin cənub hissəsini araşdıran robot sualtı qayıq burada vulkan püskürmələrinin baş verdiyini göstərən süxur nümunələri aşkar edib. Məlum olub ki, çökəkliyin kənarı soyuyan lava axınları nəticəsində yaranan nazik piroklastik süxur təbəqələri ilə örtülüb.

“Çökəkliklərin yaxınlığında vulkanik fəaliyyət qeyri-adi haldır. Buna görə də bu kəşf bizi çox təəccübləndirdi”, – deyə bölgəni araşdıran doktor Robert Stern bildirib.

“Daily Mail” qəzetinin yazdığına görə, bu kəşf Çellencer dərinliyinin digər okean çökəkliklərindən niyə daha dərin olduğunu izah etməyə kömək edə bilər. Tədqiqatçılar çökəkliyin yaxınlığında vulkanik süxurların aşkar edilməsini mantiyanın yarıərimiş hissəsinin bu əraziyə qədər nüfuz etməsinin göstəricisi hesab edirlər.

Qeyd edək ki, Mariana çökəkliyi Sakit okeanın qərbində, Mariana adalarının şərqində yerləşir və dünyanın ən dərin okean çökəkliyi hesab olunur. Təxminən 2550 kilometr uzunluğunda olan çökəkliyin orta eni 69 kilometrdir.

Onun ən dərin nöqtəsi olan Çellencer dərinliyi okean səviyyəsindən təxminən 11 kilometr aşağıda yerləşir. Bu dərinlikdəki nəhəng su təzyiqi tədqiqat və kəşfiyyat işlərini son dərəcə çətinləşdirir.

Mariana çökəkliyi Sakit okean plitəsinin daha kiçik Mariana plitəsinin altına doğru hərəkət etməsi nəticəsində formalaşıb. Bu tektonik proses bölgədə dik yamaclı dərin okean çökəkliyinin yaranmasına səbəb olub.

Yer kürəsinin ən dərin nöqtəsində təəccüblü bir kəşf.

Yer kürəsinin ən dərin nöqtəsində təəccüblü bir kəşf.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ