“Ölkəmizdə iqtisadiyyatda məşğul olan şəxslərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yaşa görə əmək pensiyasının təyin edilməsində əsas meyarlar vətəndaşın fərdi hesabında formalaşmış pensiya kapitalı və onun sığorta stajıdır. Bu məsələlər sözügedən Qanunun 7-ci maddəsində öz əksini tapıb”.
Bu fikirləri AR Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasında səsləndirib:
“Yaşa görə əmək pensiyası hüququnun yaranmasının ilkin şərti şəxsin qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatmasıdır. Bununla yanaşı, pensiya hüququnun əldə edilməsi üçün pensiya kapitalı və sığorta stajı ilə bağlı iki alternativ şərtdən biri də təmin olunmalıdır. Belə ki, şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyası məbləğində təminata imkan verdikdə, sığorta stajından asılı olmayaraq ona əmək pensiyası təyin edilir. Pensiya kapitalı bu təminat üçün kifayət etmədikdə isə azı 25 il sığorta stajının olması tələb olunur”.
R.Sabir qeyd edib ki, hazırda Azərbaycanda ümumi qaydada pensiya yaşı həm kişilər, həm də qadınlar üçün 65 ildir.
“Beləliklə, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün şəxs müəyyən edilmiş pensiya yaşına çatmalı və pensiya kapitalı, yaxud sığorta stajı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan şərtlərdən birini ödəməlidir.
65 yaşına çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyası məbləğində təminata imkan verdikdə, sığorta stajından asılı olmayaraq, ona yaşa görə əmək pensiyası təyin edilir. Pensiya kapitalı bu məbləğdə təminat üçün kifayət etmədikdə isə azı 25 il sığorta stajının olması tələb olunur”.
R.Sabirin sözlərinə görə, 2026-cı ildə minimum məbləğdə yaşa görə əmək pensiyası təminatı üçün tələb olunan pensiya kapitalı 46 080 manat təşkil edir.
“Bu məbləğ minimum aylıq əmək pensiyasının 320 manat olması və pensiyanın hesablanmasında 144 aylıq gözlənilən ödəniş müddətinin əsas götürülməsi ilə müəyyən edilir.
Pensiya kapitalının 46 080 manatdan az olması vətəndaşın avtomatik olaraq əmək pensiyası hüququndan məhrum edilməsi demək deyil. Şəxs pensiya yaşına çatıbsa və tələb olunan sığorta stajına malikdirsə, pensiya kapitalı minimum həddən aşağı olsa belə, ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Başqa sözlə, qanunvericilik pensiya kapitalı və sığorta stajını pensiya hüququnun yaranması üçün alternativ əsaslar kimi müəyyən edir”.
R.Sabir əlavə edib ki, əmək pensiyasının təyinatı, bir qayda olaraq, elektron informasiya sistemləri vasitəsilə proaktiv qaydada həyata keçirilir. Zəruri məlumatların elektron sistemlərdə mövcud olmadığı hallarda isə vətəndaş DOST mərkəzlərinə və ya Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur bölmələrinə müraciət edə bilər.
