Rusiyada prokuror Yekaterinburqdakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mütvalı Şıxlinski üçün 9 il həbs cəzası istəyib.
Turkustan.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Yekaterinburq Kirov Rayon Məhkəməsində yekun çıxış zamanı prokuror Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski və oğlu Mütvalı üçün daha uzun müddətli cəza istəyib.
"Ata və oğul Şıxlinski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi olan "Dövlət məmuruna qarşı sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq etmə" maddəsi ilə ittiham olunurlar. Prokuror böyük Şıxlinski üçün 9 il, kiçik Şıxlinski üçün isə ümumi cəzaçəkmə koloniyasında 9 il cəza istəyib", - deyə məhkəmədən bildirilib.
Xatırladaq ki, 1 iyul 2025-ci il tarixində axşam diaspor lideri Şahin Şıxlinski və oğlu Mütvala Şıxlinski onlara məxsus "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında xüsusi təyinatlılar tərəfindən saxlanılıb.
Həmin ilin 16 iyulunda Mütvalı Şıxlinski Lenin Rayon Məhkəməsində həbs edilib, atası isə Moskvaya qaçaraq Azərbaycan səfirliyinin ərazisində gizlənib. 2 avqustda Şahin Şıxlinski səfirliyi tərk edərək təhlükəsizlik qüvvələrinə təslim olub. Basmannı Məhkəməsinin qərarı ilə o da həbs edilib.
Bu, Şahin Şıxlinski üçün ikinci cəza olacaq. Belə ki, 5 mart 2026-cı ildə Şahin Şıxlinski qətl təşkil etmək ittihamı ilə 22 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun həmvətənlərinə də hökm oxuyub. Onların hamısına da həbs cəzası verilib:
Akif Səfərov – 21 il,
Bəkir Səfərov – 10 il,
Ayaz Səfərov – 20 il,
Kamal Səfərov – 14 il,
Məzahir Səfərov – 13 il,
Şacaəddin Rəcəbov – 14 il.
/modern.az