Bakıda metronun yaşıl və qırmızı xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişinlərin rahatlığını təmin etmək üçün müəyyən tədbirlər planlaşdırılır. “Bakı Metropoliteni” QSC-nin rəsmisi Məmməd Rzayev bildirib ki, tikinti işləri dövründə “28 May” və “Nizami” stansiyaları arasında ödənişsiz avtobusların fəaliyyət göstərməsi hazırda müzakirə mərhələsindədir.
"Bu proses yalnız metro rəhbərliyinin qərarından asılı deyil. Layihənin miqyası böyük olduğu üçün bütün aidiyyəti dövlət qurumları bu istiqamətdə birgə fəaliyyət göstərir. İşlərin başlanma vaxtı və nəqliyyatın hərəkət sxemindəki dəyişikliklər barədə məlumatlar öncədən ictimaiyyətə çatdırılacaq", - o qeyd edib.
Qeyd edək ki, xətlərin ayrılması metronun gələcək inkişafı və qatarların hərəkət intensivliyinin artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Hazırda bu düyün nöqtəsində yaranan texniki çətinlikləri aradan qaldırmaq üçün kompleks həll yolları üzərində iş gedir. Sərnişin sıxlığının idarə olunması məqsədilə alternativ nəqliyyat vasitələrinin cəlb edilməsi bu planın əsas tərkib hissələrindən biridir./Demokrat.az