Türkiyədə bıçaqlanan Araz Musayev kimdir?


Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı məlum olub.

Türkiyənin Antalya şəhərində keçirilən İFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılıb. Muay Tay Federasiyasının prezidenti Araz Musayev isə heyətə başçılıq edib. Dünən günorta saatlarında keçirilən yarışda Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb küçədə yenidən dalaşmağa başlayıblar. Hadisə nəticəsində Araz Musayev kürək nahiyəsindən bıçaqlanıb.

Turkustan.az Yenisabah.az-a istinadla Türkiyədə bıçaqlanan keçmiş dünya çempionu Araz Musayevlə bağlı bəzi maraqlı məqamları təqdim edir:

Musayev Araz Furqan oğlu 1977- ci il noyabrın 6-da Masallı rayonunun Lürən kəndində anadan olub. 1994-cü ildən peşəkar idmanla məşğul olaraq, dəfələrlə Kinqboksinq-Muay-Tay, Tayboksinq, Uşusanda üzrə Azərbaycan çempionu olub.

O, Kinboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionudur. Araz Musayev həmçinin Beynəlxalq dərəcəli və Əməkdar idman ustasıdır. 2003-cü ildən Muay-Tay və Tayboksinq federasiyalarının vitse-prezidentidir. 2004-cü ildə ilk dəfə olaraq dünya çempionu olub. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müxtəlif mükafatlarla - evlə, fəxri fərmanlarla təltif edilib.

Araz Musayev 2007-ci ildən etibarən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsində baş mütəxəssis vəzifəsində çalışırdı. Lakin daxili xidmət polkovnik-leytenantı olan Araz Musayev 2021-cil ilin iyununda Xırdalanda vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olduğu və onları hədələdiyi üçün Fövqəladə Hallar Nazirliyindəki vəzifəsindən kənarlaşdırılıb.

Xatırladaq ki, hazırda Araz Musayevin səhhəti sabit-ağır qiymətləndirilir.


MANŞET XƏBƏRLƏRİ