“Süleymançılar”a qarşı böyük əməliyyat: Ərdoğan iqtidarı ilə 25 illik qarşıdurmanın maliyyə dosyesi açıldı


49 nəfər barəsində saxlanılma qərarı, 17 vilayətdə 123 ünvanda axtarış, 100 milyard lirəni aşan şübhəli pul dövriyyəsi… Türkiyənin ən köklü, ən qapalı və geniş imkanlara malik dini icmalarından biri necə hüquq-mühafizə orqanlarının hədəfinə çevrildi?

Türkiyədə ictimaiyyət arasında “Süleymançılar” kimi tanınan dini icmaya qarşı son illərin ən böyük əməliyyatlarından biri keçirilib.

Turkustan.az xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində icmanın hazırkı rəhbəri Alihan Kuriş də daxil olmaqla 49 şübhəli barəsində saxlanılma qərarı çıxarılıb.

İstanbul, Ankara və Antalya başda olmaqla 17 vilayətdə keçirilən eyni vaxtlı əməliyyatlarda son məlumatlara görə 37 nəfər saxlanılıb. İlk saatlarda bu rəqəm 30, daha sonra 33 olaraq açıqlanmışdı. Doqquz şübhəlinin xaricdə olduğu, digərlərinin axtarışının davam etdiyi bildirilir.

Şübhəlilərə məxsus 43 ünvan, habelə 33 şirkətlə əlaqələndirilən 80 obyekt – ümumilikdə 123 nöqtədə axtarış və müsadirə tədbirləri həyata keçirilib. Şübhəli pul vəsaitlərinin yuyulmasında istifadə edildiyi ehtimal olunan şirkətlərə və onlarla əlaqəli aktivlərə qəyyum təyin olunub.

Türkiyə hüquq-mühafizə orqanları istintaq predmetini “Süleymançılar”ın dini fəaliyyəti deyil, Alihan Kurişin rəhbərlik etdiyi iddia olunan maliyyə-iqtisadi şəbəkə kimi təqdim edir.

İttihamların mərkəzində 100 milyard lirəlik pul dövriyyəsi dayanır

Ankara Respublika Baş Prokurorluğunun açıqlamasına əsasən, istintaq aşağıdakı ehtimallar üzrə aparılır:

– cinayətkar təşkilat yaratmaq və idarə etmək;

– cinayətkar təşkilata üzv olmaq;

– cinayət yolu ilə əldə edilmiş əmlak və pul vəsaitlərini leqallaşdırmaq;

– dövlət qurumlarına zərər vurmaqla dələduzluq etmək;

– Vergi Proseduru Qanununu pozmaq.

Mali Cinayətlərin Araşdırılması Şurasının – MASAK-ın hazırladığı hesabatda icma ilə əlaqəli hesab olunan şəxslər və şirkətlər üzərindən 100 milyard lirəni aşan pul hərəkətinin gerçəkləşdirildiyi, bu vəsaitlərin müxtəlif mexanizmlərlə xaricə çıxarıldığı iddia edilir.

Hesabata görə, əlaqəli şirkətlərin bir çoxunda 2020-ci ildən sonra maliyyə dövriyyəsi və alqı-satqı əməliyyatları kəskin artıb. Bu artımla paralel olaraq şirkətlərin bölünməsi, başqasına verilməsi, yüksək kapitalla yeni hüquqi şəxslərin yaradılması diqqət çəkib. Bəzi yeni şirkətlərin əvvəlki müəssisələrdən tamamilə fərqli vilayətlərdə və fərqli fəaliyyət sahələrində qeydə alındığı müəyyənləşdirilib.

İstintaq orqanları bəzi şirkətlərin göstərilən kapitaldan savayı real aktivə, mal alqı-satqısına və normal kommersiya fəaliyyətinə malik olmadığını, bununla belə, həmin müəssisələr vasitəsilə böyük həcmdə nağd pul və elektron köçürmələrin dövr etdiyini bildirir. Hüquq-mühafizə orqanlarının versiyasına görə, şirkətlərin bölünməsi və tez-tez əl dəyişdirməsi maliyyə izlərini itirmək, əməliyyatların izlənməsini çətinləşdirmək məqsədi daşıya bilər.

Prokurorluğun açıqlamasında göstərilən ittihamlar və MASAK hesabatının detalları:

Ədliyyə naziri Akın Gürlek xüsusilə vurğulayıb ki, baş verənlər hər hansı dini baxışa, cəmiyyətə və ya qeyri-hökumət təşkilatına qarşı əməliyyat deyil: “Bu, tamamilə maliyyə strukturuna yönəlmiş, uzun müddət üzərində işlənmiş dosyedir”.

Daxili işlər naziri Mustafa Çiftçi isə icmanın Almaniyanın Köln şəhərində təxminən 70 milyon dollarlıq yeni mərkəz tikdirdiyini, gələcəkdə əsas fəaliyyətin Türkiyədən həmin mərkəzə köçürülməsinin planlaşdırıldığını bildirib. Ankara bu səbəbdən istintaqın xarici maliyyə ayağını da xüsusi əhəmiyyətli sayır.

“Süleymançılar” kimdir?

“Süleymançılar” Türkiyə mənşəli, Nəqşibəndi ənənəsinə bağlı sünni dini icma hesab olunur. İcma üzvləri “Süleymançılar” adlandırılmasını çox vaxt qəbul etmir, özlərini “Süleymanlılar” kimi təqdim edirlər.

Təşkilatlanmanın adı onun qurucusu Süleyman Hilmi Tunahanın adından götürülüb. Süleyman Hilmi Tunahan 1888-ci ildə Osmanlı imperiyasının Silistrə bölgəsində – indiki Bolqarıstan ərazisində anadan olub. Osmanlı dövrünün ənənəvi mədrəsə təhsili alıb, İstanbulda dini fəaliyyətlə məşğul olub.

1924-cü ildə Türkiyədə mədrəsələrin bağlanmasından və dini təhsilin dövlət nəzarəti altına alınmasından sonra Tunahan şəxsi evlərdə, kənd və qəsəbələrdə Qurani-Kərim, ərəb dili və əsas dini elmlər üzrə tələbələr yetişdirməyə başlayıb. 1930-cu illərdə İstanbulun müxtəlif məscidlərində vaiz işləyib. Onun ətrafında formalaşan tələbə çevrəsi sonradan böyük bir dini icmaya çevrilib.

1950-ci ildə Demokrat Partiyanın hakimiyyətə gəlməsi dini icmalar üçün müəyyən yumşalma yaratdı. Tunahanın vaizlik icazəsi bərpa olundu, yetişdirdiyi tələbələrin bir hissəsi Diyanət sistemində imam və vaiz kimi fəaliyyətə başladı. Bunun nəticəsində icmanın şəbəkəsi Anadoluya yayıldı.

Lakin Tunahanın Demokrat Partiya ilə münasibətləri 1950-ci illərin ortalarında pozuldu. 1957-ci il seçkisində icma Adnan Menderesin Demokrat Partiyasını deyil, Osman Bölükbaşının Cümhuriyyətçi Millət Partiyasını dəstəklədi. Tunahan və kürəkəni Kemal Kacar həmin dövrdə “Məhdilik” iddiaları ilə əlaqədar açılan istintaqda 59 gün həbsdə saxlanıldı, daha sonra bəraət aldılar.

Süleyman Hilmi Tunahan 1959-cu ildə vəfat edib. Ondan sonra icmaya kürəkəni Kemal Kacar rəhbərlik edib. Kacarın dövründə tələbə yataqxanaları, Quran kursları, dərnəklər və xeyriyyə fondları “Süleymançılar”ın əsas təşkilatlanma vasitəsinə çevrilib.

İcma xüsusilə Türkiyənin kənd və kiçik şəhərlərindən təhsil üçün böyük şəhərlərə gələn aztəminatlı ailələrin övladlarına yataqxana və dini təhsil təqdim etməklə genişlənib. Zamanla bu model Avropaya da daşınıb. “Süleymançılar” 1973-cü ildən Almaniyada təşkilatlanmağa başlayıb, sonrakı illərdə Avropanın müxtəlif ölkələrində məscidlər, mədəniyyət mərkəzləri və təhsil müəssisələri qurublar.

Bu gün icmanın Türkiyə ilə yanaşı Almaniya, Avstriya, Niderland, Belçika və başqa ölkələrdə geniş şəbəkəsinin olduğu bildirilir.

Alihan Kuriş kimdir? Süleymancıların lideri neden gözaltına alındı -  Internet Haber

Alihan Kuriş kimdir?

Alihan Kuriş 21 noyabr 1979-cu ildə İstanbulda anadan olub. İxtisasca memar, fəaliyyəti baxımından isə iş adamı kimi tanınır. O, Süleyman Hilmi Tunahanın qızı Gülderen Kurişin oğludur və beləliklə, icmanın qurucusunun ana tərəfdən nəvəsidir.

Kemal Kacar 2000-ci ildə vəfat etdikdən sonra rəhbərlik Süleyman Hilmi Tunahanın digər nəvəsi Arif Ahmet Denizolguna keçmişdi. Denizolgun 1995-ci ildə Rifah Partiyasından Antalya millət vəkili seçilmiş, 28 fevral prosesindən sonra qurulan hökumətdə nəqliyyat naziri olmuşdu.

Arif Ahmet Denizolgunun 2016-cı ildə vəfatından sonra icmanın əsas qanadının rəhbərliyinə Alihan Kuriş gətirildi. Bununla belə, bu seçim bütün ailə və icma daxilində qəbul edilmədi. Denizolgun ailəsinin bir hissəsi ilə Kuriş rəhbərliyi arasında ciddi mübahisələr yarandı. Kurişə qarşı çıxanlar onun icmanı qurucu dini xəttdən uzaqlaşdıraraq kommersiya şəbəkəsinə çevirdiyini iddia etdilər. Kuriş tərəfi isə bu ittihamları qəbul etmədi.

Hazırkı əməliyyatın bilavasitə dini icmanın özündən çox “Alihan Kuriş rəhbərliyi altında formalaşdığı iddia edilən iqtisadi struktur”a yönəldilməsi bu daxili parçalanmanı da yenidən gündəmə gətirib. Alihan Kurişin bioqrafiyası

"Süleymançılar"la AK Parti arasında münasibətlər niyə pozuldu?

"Süleymançılar"la Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətləri yalnız son əməliyyatla izah etmək mümkün deyil. Bu qarşıdurmanın siyasi, şəxsi və iqtisadi kökləri təxminən 25 il əvvələ gedib çıxır.

Əsas qırılma 2000-ci ildə Kemal Kacarın ölümündən sonra baş verdi. İcma rəhbərliyi uğrunda Tunahanın nəvələri olan iki qardaş – Arif Ahmet Denizolgun və Mehmet Beyazıt Denizolgun arasında mübarizə yarandı.

Arif Ahmet Denizolgun icmanın rəhbəri oldu. Onun qardaşı Mehmet Beyazıt Denizolgun isə Ərdoğanın rəhbərliyi ilə yaradılan AK Partinin qurucuları sırasında yer aldı və həmin partiyadan millət vəkili seçildi. Beləliklə, ailədaxili rəhbərlik və miras mübahisəsi tədricən AK Parti–Süleymançılar qarşıdurmasına çevrildi.

2002-ci il seçkisində Arif Ahmet Denizolgun Mesut Yılmazın ANAP-ından namizəd oldu, icmanın əsas hissəsi də ANAP-ı dəstəklədi. Qardaşı Mehmet Beyazıt isə AK Partidən seçildi. İcma rəhbərliyinin AK Partiyə keçmiş bəzi “Süleymançılar”ın namizəd göstərilməsinin qarşısını almaq üçün kampaniya apardığı da iddia olunurdu.

2007-ci ildə İstanbulun Kasımpaşa bölgəsində Süleymançılara aid Piyalə Quran kursunun qanunsuz və zəlzələyə davamsız tikili olduğu əsas gətirilərək İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən sökülməsi münasibətləri daha da gərginləşdirdi. İcma həmin il Demokrat Partiyanı dəstəklədi.

2009-cu il yerli seçkisində “Süleymançılar”ın Antalya təşkilatı AK Partiyə qarşı CHP-nin namizədini dəstəklədi. 2014-cü ildə də bu xətt davam etdi. 2018-ci il prezident və parlament seçkilərində icmanın əsas qanadının Meral Akşener və İYİ Partiyaya üstünlük verdiyi, 2019-cu il yerli seçkilərində isə İstanbul, Ankara və Antalya kimi böyük şəhərlərdə AK Partinin qarşısındakı ən güclü namizədi – faktiki olaraq CHP-ni dəstəklədiyi bildirildi.

Başqa sözlə, “Süleymançılar” üçün tədricən “AK Parti xaricində kim qalib gələ bilərsə, onu dəstəkləmək” xətti formalaşdı. Bu, Ərdoğan iqtidarının nəzərində sadəcə fərqli siyasi seçim deyil, dini icmanın sosial, iqtisadi və yataqxana imkanlarını hakimiyyətə qarşı seçki şəbəkəsinə çevirməsi kimi qiymətləndirildi.

Ərdoğan iqtidarının baxışı: “İkinci paralel struktur” riski

Ankaranın məsələyə münasibətini anlamaq üçün 15 İyul çevriliş cəhdi və FETÖ təcrübəsini nəzərə almaq lazımdır. Ərdoğan hakimiyyəti bundan sonra dini icmaların dövlət daxilində ayrıca iyerarxiya yaratmasına, kadrlarını bürokratiyaya yerləşdirməsinə, öz maliyyə və təhsil sistemini dövlət nəzarətindən kənarda saxlamasına daha sərt yanaşmağa başlayıb.

İqtidarın nöqteyi-nəzərindən problem insanların dini etiqadı və ya Quran təhsili alması deyil. Əsas məsələ dini nüfuzun seçki davranışına, bürokratik yerləşməyə, qapalı maliyyə sisteminə və xaricdən idarə edilə biləcək təşkilati struktura çevrilməsi ehtimalıdır.

“Süleymançılar” uzun illər AK Partiyə qarşı siyasi mövqedə olsalar da, iqtidarın dini qurumlar üçün yaratdığı ümumi imkanlardan, Diyanət sistemi ilə əməkdaşlıqdan, yataqxana və təhsil sahəsindəki yumşalmalardan faydalanıblar. Ankara çevrələrində belə bir fikir mövcuddur ki, icma bir tərəfdən dövlətin yaratdığı imkanlardan istifadə edib, digər tərəfdən təşkilati gücünü sistemli şəkildə Ərdoğanın rəqiblərinin xeyrinə səfərbər edib.

Lakin son əməliyyatı yalnız siyasi intiqam kimi izah etmək də yetərli olmaz. Ortada MASAK hesabatı, 100 milyard lirəni aşdığı bildirilən pul hərəkətləri, 33 şirkət, yüksək nağd dövriyyə, bölünən müəssisələr və xaricə çıxarıldığı iddia olunan böyük vəsaitlər var. Bunların nə qədərinin cinayət tərkibi yaratdığına məhkəmə qərar verəcək.

Ərdoğan iqtidarı baxımından əməliyyatın mesajı isə aydındır: heç bir dini icma özünü dövlətin nəzarətindən kənar, paralel maliyyə və siyasi güc mərkəzi kimi qura bilməz. Dini fəaliyyət qanun çərçivəsində qoruna bilər, amma dini nüfuzun qapalı iqtisadi imperiyaya və bürokratik iyerarxiyaya çevrilməsinə icazə verilməyəcək.

"Süleymançılar" dosyesinin bundan sonra yalnız maliyyə-cinayət işi olaraq qalıb-qalmayacağı, yoxsa Türkiyənin dini icmalarla münasibətlərində yeni mərhələnin başlanğıcına çevriləcəyi istintaqın nəticələrindən asılı olacaq./Musavat.com


MANŞET XƏBƏRLƏRİ