Son zamanlar artan ürək xəstəlikləri, ölüm xəbərləri fonunda maraqlı iddia ortaya atılıb. Bildirilir ki, əsas səbəb təkcə stress və genetika deyil, həm də qida bazarında geniş yayılan, qadağan olunmuş yağlar, eləcə də saxta ərzaqlardır. Hazırda marketlərdə keyfiyyətsiz və sağlamlığa zərərli məhsulların açıq şəkildə satıldığı deyilir. Vəziyyətin bu həddə çatmasına baxmayaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti ilə bağlı ictimai narazılıq artır. Cəmiyyətin bir hissəsi hesab edir ki, qurumun nəzarət mexanizmi zəifdir və nəticədə insanlar səssiz şəkildə zəhərlənirlər.
Turkustan.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Globalinfo.az-a açıqlamasında Azərbaycanda geniş yayılmış ürək-damar xəstəliklərinə təsir göstərən amillərdən birinin qidalanma olduğunu bildirib.
“Ölkədə istehlakçı hüquqları zəif qorunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul edilib və indiyədək müasir bazar reallıqlarına uyğunlaşdırılmayıb. Halbuki bazar genişlənib, istehsal və ticarət şərtləri köklü şəkildə dəyişib. Bu ilin mart ayında Ombudsmanın Milli Məclisə təqdim etdiyi 102 səhifəlik illik hesabatda istehlakçı hüquqları barədə bircə qeyd belə yer almayıb. Yaxın günlərdə 15 nəfərin qidadan zəhərlənərək ölməsi bu sahədə nəzarətin zəifliyini bir daha ortaya qoydu. Azərbaycanda mükəmməl istehlakçı siyasəti formalaşdırılmalıdır”, - əlavə edib.
Ekspert bildirib ki, hökumət biznes qurumları üçün əlverişli şərait yaratsa da, bəzi sahibkarlar bundan sui-istifadə edərək keyfiyyətsiz məhsulları bazara çıxarırlar:
“Bu vəziyyəti dəyişmək üçün AQTA-nın əsasnaməsində dəyişiklik edilməli, nəzarət yalnız təhlükəsizliyə deyil, həm də keyfiyyətə yönəlməlidir. Əmtəə bazarının sağlamlaşdırılması həm dövlət orqanlarının, həm də istehlakçıların məsuliyyətini tələb edir. İstehlakçılar da bu baxımdan diqqətli olmalı, məhsulun etiketini diqqətlə oxumalı, yararlılıq müddəti keçən mallardan uzaq durmalı və tərkibindəki konservantlara xüsusi fikir verməlidirlər”.
Funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva qeyd edib ki, ürək tutmaların və qəfil ölüm hallarının artmasının kökündə sənaye üsullu, yəni “qadağan olunmuş” trans-yağlar mühüm rol oynayır:
“Trans-yağlar maye bitki yağlarının kimyəvi yolla bərkidilməsi ilə alınır və tez xarab olmayan, ucuz məhsulların hazırlanmasında geniş istifadə olunur. Bu yağlar “pis” xolesterolu (LDL) yüksəldir, “yaxşı” xolesterolu (HDL) isə azaldır. Eyni zamanda damar divarlarında iltihab yaradır və nəticədə ateroskleroz, infarkt və insult riski artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il yüz minlərlə insan məhz trans-yağ istifadəsi ilə əlaqəli ürək-damar xəstəliklərindən həyatını itirir. Bu səbəbdən bu yağları “ölümə aparan gizli yol” adlandırmaq heç də mübaliğə deyil. Xüsusilə uzun müddət qızardılmış, paketlənmiş və fast-food tərkibli məhsullar bu riski daha da yüksəldir. İnsanlar zeytun, avokado, qoz, kətan toxumu və balıq kimi sağlam yağ mənbələrinə üstünlük verməlidirlər. Bu yağlar ürək-damar sistemini qoruyur, xolesterol balansını tənzimləyir və orqanizmdə iltihabi proseslərin qarşısını alır”.
AQTA-ya mövzu ilə bağlı bildirilib ki, ölkədə istehsal və idxal olunan bütün qida məhsulları, eləcə də yağlar üzərində AQTA risk əsaslı nəzarət tədbirləri həyata keçirir:
“Məhsullar gömrük ərazisinə daxil olduqdan sonra ekspertizadan keçirilir. Mallardan agentliyin müfəttişləri nümunələr götürür və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Sınaq nəticələri normalara uyğun olduğu təqdirdə məhsul partiyaları Qida təhlükəsizliyi sertifikatı ilə təmin olunur. Sınaq nəticələri normalara uyğun olmayan məhsulların isə geri qaytarılması, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi barədə qərar qəbul edilir.
Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda AQTA növbədənkənar yoxlamalar aparır və məhsullar laborator müayinələrə cəlb olunur. Keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanuna müvafiq tədbirlər görülür.
Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”.