Yüksək qan təzyiqi (hipertoniya) xəstələrinin Azərbaycanda qarşılaşdıqları çoxşaxəli problemlər var. Bu problemlər arasında səhiyyə sistemi amilləri də var. Amma təkcə bu deyil.
Lent.az-ın əməkdaşı Azərbaycanda hipertoniya xəstələrinin barəsində araşdırma aparıb.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycanın 30-79 yaş arasında təxminən 2,1 milyon insanda hipertoniya xəstəliyi mövcuddur. Və bu insanların çoxunu xilas etmək mümkün olmur. Hələ iki il əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının sözlərinə görə, Azərbaycanda hər il hipertoniyadan orta hesabla 24 min insan ölür. Bu səbəbdən də yüksək qan təzyiqinə eyni zamanda "səssiz qatil" adlanır. Məsələ də ondadır ki, bu xəstəlikdən əziyyət çəkənlərin çoxu probleminin olduğunun fərqində deyil. Çünki hipertoniya heç bir əlamət olmadan, simptomsuz da yarana bilər. Buna görə də, qan təzyiqini mütəmadi ölçmək vacibdir.
Dünya alimləri qeyd edir ki, arterial təzyiq ürək-damar sisteminin ən vacib göstəricilərindən biridir. Onun norması yaşa, cinsə, həyat tərzinə və ümumi sağlamlıq vəziyyətinə görə dəyişir. Təzyiqdəki hər hansı kəskin dəyişikliklər xəstəliklərin xəbərçisi ola bilər. Buna görə də hər yaş qrupu üçün normal göstəriciləri bilmək vacibdir.
Yaşa görə normal təzyiqin ölçüsü barədə məlumat verir.
Arterial təzyiq millimetr civə sütunu (mm c.s.) ilə ölçülür və iki göstəricidən ibarətdir:
* Sistolik (yuxarı) – ürəyin yığılması zamanı damarlardakı təzyiq.
* Diastolik (aşağı) – ürək boşaldığı zaman damarlardakı təzyiq.
Müxtəlif yaş qrupları üçün təxmini normativlər:
* 6 yaşadək uşaqlar: 95–110 / 60–75 mm c.s.
* Yeniyetmələr (12–18 yaş): 110–135 / 65–85 mm c.s.
* Gənclər və böyüklər (18–40 yaş): 120–130 / 70–80 mm c.s.
* Orta yaşlılar (40–60 yaş): 125–135 / 75–85 mm c.s.
* Yaşlılar (60+ yaş): 135–145 / 85–90 mm c.s.
Normadan kənar dəyərlər:
* Hipotoniya (aşağı təzyiq): 90/60 mm c.s.-dən aşağıdır. Əlamətlər – halsızlıq, başgicəllənmə, diqqətin azalması.
* Hipertoniya (yüksək təzyiq): 140/90 mm c.s.-dən yuxarıdır. Risklər – infarkt, insult, damar xəstəlikləri.
* Hətta normada olan, amma kəskin dəyişən təzyiq də ürək və damar problemlərinin əlaməti ola bilər və həkim məsləhəti tələb edir.
Təzyiqə təsir edən faktorlar:
* Yaş və fiziki aktivlik: Uşaqlarda təzyiq daha aşağı olur. Yaş artdıqca damarların elastikliyi azalır və təzyiq yüksəlir.
* Həyat tərzi: Düzgün qidalanma, stress səviyyəsi, siqaret və spirtli içkilər təzyiqi birbaşa təsir edir.
* Xəstəliklər: Diabet, böyrək və ürək problemləri təzyiqdə ciddi dəyişiklik yarada bilər.
Normal təzyiqi necə qorumaq olar?
* Təzyiqinizi mütəmadi ölçün, xüsusilə narahatlıq və risk faktorları varsa.
* Düzgün qidalanın: duz və yağlı yeməkləri azaldın, tərəvəz, meyvə, kalium və maqneziumla zəngin qidaları artırın.
* Aktiv həyat tərzi sürün, iş və istirahət balansını qoruyun, stressi minimuma endirin, gündə 6–8 saat yatın, təzyiq göstəriciləri tez-tez normadan kənara çıxarsa, həkimə müraciət edin.