Türkiyədən əməliyyat mesajı: Cəmi 25 gününüz qalıb!


Türkiyə, Suriyadakı terror təşkilatının uzantısı kimi qiymətləndirdiyi SDQ-nin gələcəyi ilə bağlı prosesləri yaxından izləyir.

Turkustan.az xəbər verir ki, təhlükəsizlik mənbələri Türkiyənin bu məsələdə mövqeyinin aydın olduğunu və SDQ-nin ilin sonuna qədər Suriya ordusuna inteqrasiya ediləcəyini bildiriblər. “Yeni Şəfəq” qəzetinə danışan mənbələr qeyd edib: “Təşkilat olaraq dağılacaqsınız, fərd olaraq isə orduya inteqrasiya olunacaqsınız. Bu, bizim şərtimizdir. SDQ-nin yüksək rütbəli rəhbərliyinin Dəməşq hökumətinə daxil edilməsini isə qəbul etməyəcəyik.”

Mənbələr 10 mart razılaşmasına istinad edərək bildiriblər ki, şərtlər yerinə yetirilməzsə, Suriya hökuməti ölkənin bütövlüyünü qorumaq üçün əməliyyata başlaya bilər və Türkiyə bu addımı dəstəkləyəcək. Onların sözlərinə görə, bəzi bölgələrdə kiçik toqquşmalar olsa da, inteqrasiya qaçılmazdır. “ABŞ, Suriya və Türkiyə bu məsələdə həmfikirdir. Ortalığı qarışdırmağa çalışan İsraildir. PKK-lıların SDQ-yə, oradan da Suriya ordusuna keçməsi mümkün deyil.”

Mənbələr həmçinin Suriya hökumətinin ötən həftə ABŞ-la İŞİD-ə qarşı keçirdiyi ilk birgə əməliyyatın mühüm dönüş nöqtəsi olduğunu vurğulayıblar. Bu əməliyyatın SDQ-nin son arqumentlərini də etibarsızlaşdırdığı bildirilir.

Bundan əlavə, Türkiyə, Suriya, İraq, İordaniya və Livanın İŞİD-ə qarşı birgə əməliyyat mərkəzinin yaradılması barədə razılığa gəldiyi, Türkiyənin mərkəzə şəxsi heyət göndərdiyi qeyd edilir. Məlumata görə, mərkəzdə Türkiyə və Suriya hərbçiləri birgə xidmət göstərir və Suriya ordusunun təlimləri davam edir. “Türkiyədə ikinci qrupun hazırlığına da başlanılıb”, – deyə mənbələr əlavə ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ