Avropa İttifaqı (Aİ) ölkələrində H3N2-nin yeni variantı – “subklad K” qrip virusunun sürətlə yayılması ciddi narahatlıq yaradıb. Həkimlər simptomların koronavirusa bənzəməsi səbəbindən qısa müddətdə vəziyyətin daha ağır mərhələyə keçə biləcəyini bildirirlər. Mütəxəssislərin fikrincə, bu il qrip mövsümü əvvəlki illərlə müqayisədə daha şiddətli keçə bilər.
Bəs Azərbaycanı nə gözləyir? Narahatlıq doğuran vəziyyət yarana bilərmi?
Globalinfo.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, koronavirusdan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insan sağlamlığı üçün ciddi təhdidlərdən biri kimi gələcək qrip pandemiyasını proqnozlaşdırmışdı:
“Lakin gözlənilmədən ortaya çıxan koronavirus pandemiyası diqqəti tamamilə başqa istiqamətə yönəltdi. Mutasiya edən və mutasiya meylli bütün virusların, xüsusilə də hava-damcı yolu ilə yayılanların pandemiya yaratma riski həmişə mövcuddur. Qrip virusu hər il mutasiya edərək yeni formada ortaya çıxır. Yeni “subklad K” variantı da yüksək kontagiozluğa malik olduğuna və hava-damcı yolu ilə ötürüldüyünə görə pandemiya yaratma potensialına sahibdir. Bu baxımdan narahatlıq başadüşüləndir. Virusun davamlı mutasiya fonunda gələcəkdə necə davranacağını dəqiq demək çətindir”.

Adil Qeybulla
Mütəxəssis bildirib ki, belə situasiyalarda ÜST vaxtında həyəcan təbili çalmalıdır:
“COVİD-19 təcrübəsi göstərdi ki, zamanında düzgün mobilizasiya tədbirləri görülmədikdə, koordinasiya funksiyası yerinə yetirilmədikdə, nəticələr çox ağır olur. Eyni ssenarinin təkrarlanmaması üçün bu dəfə aparıcı beynəlxalq qurumlar vaxtında tövsiyələr verməli, ölkələr isə onlara ciddi şəkildə əməl etməlidirlər”.