Son vaxtlar ölkəmizdə ürək-damar xəstəliklərindən ölənlərin sayı artıb.
Belə ki, il ərzində Bakıda 8 mindən çox insanın ürək-damar xəstəliklərinə görə vəfat etdiyi bildirilir. Ümumiyyətlə, ürək-damar xəstəlikləri Azərbaycanda da ölümün əsas səbəblərindən biri kimi göstərilir.
Lakin bəzi həkimlərin fikrincə, beynəlxalq hesabatlarda ölkəmizin Tacikistanla birlikdə dünyada ürək-damar xəstəliklərindən ölümlərə görə ən yüksək göstəricilərə malik olması barədə yayılan məlumatlar reallığı tam əks etdirmir.
Amma o da sirr deyil ki, Azərbaycanda bu xəstəlikdən ölüm halları artıb və eyni zamanda, bu xəstəlikdə cavanlaşma müşahidə edilir. Bu, ekologiya, stressli həyat tərzi, qidalarlamı bağlıdır?
Məsələ ilə bağlı millət vəkili, tibb elmləri doktoru Rəşad Mahmudov “Cebheinfo.az”-a bildirib ki, postsovet məkanında bir çox xəstəxanalarda ölüm səbəblərinin qeydiyyatında metodoloji problem mövcuddur:
“Məsələn, xərçəng, böyrək xəstəliyi və ya COVID-19-dan vəfat edən pasiyentlərin sənədlərində “ürək dayanması” yazıldığı üçün bu hallar beynəlxalq statistik sistemə “ürək-damar xəstəliyindən ölüm” kimi daxil olur. Bu isə rəqəmləri süni şəkildə şişirdərək ölkələrin mövqeyini siyahılarda olduğundan daha pis göstərir”.
Millət vəkilinin sözlərinə görə, bununla belə, Azərbaycanda ürək-damar xəstəliklərinin riski real olaraq yüksəkdir:
“Hərəkətsiz həyat tərzi, qeyri-sağlam qidalanma, siqaret, stress və genetik faktorlar bu xəstəliklərin geniş yayılmasına səbəb olur. Son illər xəstəliyin gəncləşməsi də ciddi narahatlıq doğurur.
Əsas mesaj budur ki, rəqəmlərdəki metodoloji uyğunsuzluqlar ölkəmizi statistik cəhətdən “ən pis” sıralarda göstərsə də, biz həqiqətən də riskli zonada yaşayırıq. Hər kəsin vaxtında müayinələrdən keçməsi, sağlam həyat tərzinə üstünlük verməsi və profilaktikaya xüsusi diqqət ayırması həyati əhəmiyyət kəsb edir”.